Xaricdən telefon gətirəndə bu halda cərimələnəcəksiniz -

Fevral ayının 15-dən xaricdən gətirdiyiniz cihazı gömrükdə bəyan edib, rüsumlarını ödəməsiniz, həmin cihazı ölkə daxilində IMEI qeydiyyatını həyata keçirə bilməyəcəksiniz.

Metbuat.az-ın məlumatına görə, texnobloqçu Fərid Pərdəşünas qeyd edib ki, əslində, bu hal əvvəl də var idi. Lakin yayınma hallarının qarşısını almaq üçün hazırda proses daha da ciddiləşdirilib: "Əgər xaricdən smartfon alıb, ölkəyə gətiririksə, artıq məcburi bunu bəyan etməli olacağıq. Əslində, bu günə qədər də bu hal mütləq idi. Lakin yayınma halları çox idi. Hər kəs gömrükdə tək-tək yoxlanılmırdı. Fevral ayının 15-dən, əgər xaricdən gətirdiyiniz cihazı gömrükdə bəyan edib, rüsumlarını ödəməsiniz (burada artıq IMEI kod bəyan olunmalıdır), həmin cihazı ölkə daxilində IMEI qeydiyyatını həyata keçirə bilməyəcəksiniz. Bununla da qaçaq yolla daha ucuz qiymətə satılan smartfonların bazarına ciddi zərbə dəyəcək".

O qeyd edib ki, hazırda poçt göndərişləri limiti 300 dollardır. Lakin heç bir poçt daşıma şirkəti (yerli) smartfon gətirmir: "Belə olan halda yalnız beynəlxalq daşıma şirkətləri bu prosesi həyata keçirə bilir. Bu halda isə onsuz da gömrüyə məhsul bəyan edilirdi. Burada heç bir dəyişiklik olmaycaq. Əsas məsələ məhsulu özünüz xaricdən alıb-gətirəndə başlayır. Qanuna görə hər bir şəxs 800 dollar dəyərində məhsulu özü ilə ölkəyə rüsumsuz gətirə bilər. Məsələn, siz 1000 dollara Amerikadan iPhone 14 alıb ölkəyə gətirirsinizsə, bu zaman onun IMEI kodunu gömrükdə bəyan etməlisiniz və həmin məbləğdən 800 dollar azaldılacaq. Yerdə qalan 200 dollar üçün 36% rüsum ödəniləcək. Yəni rəsmiləşmə üçün 72 dollar ödəniləcək. Əlavə olaraq istifadə üçün IMEI qeydiyyat rüsumu da 1 ay müddətinə ödənilməli olacaq. Burada əsas zərbə müxtəlif yollarla ölkəyə smartfon idxal edib, daha ucuz qiymətə satan kiçik mağazalara dəyəcək. Düşünürəm ki, bu addım öz növbəsində smartfonların IMEI klonlama hallarını artıra bilər", - deyə o qeyd edib.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən və təsdiqlənən dəyişikliyə əsasən, mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.

Qeyd olunan xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 min manatdan 2 min 500 manatadək, hüquqi şəxslər 9 min manatdan 12 min manatadək məbləğdə cərimə ediləcək.

Qanun 2023-cü il aprelin 1-dən qüvvəyə minəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR