"Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra əksər dünya ölkələrindən gələn müxtəlif növ dəstəklər dünyada hələ də insanlığın itmədiyi həqiqətini ortaya çıxardı. Zəlzələ eyni zamanda Türkiyənin geosiyasi durumunu dəyişmək gücünü meydana çıxardı".
Metbuat.az xəbər verir ki, bu açıqlamanı siyasi şərhçi Azər Qasımov edib. Ekspert hesab edir ki, 2023-cü il Türkiyə Cümhuriyyətinin tarixində ciddi dəyişiklərin yaşandığı il kimi tarixə düşəcək.
"Bu il həqiqətən də ağır da olsa, özəl il oldu. Olan oldu, əsas məsələ bu özəlliyi yaxşı istiqamətə çevirməyi bacarmaq olmalıdır. Yardım edən ölkələr arasında Türkiyəni özünə düşmən hesab edən və ya ən azı Türkiyəni özünə dost hesab etməyən ölkələr də vardır. Türkiyəni əzəli düşmən bilən Yunanıstan, Ermənistan kimi ölkələrin rəhbər şəxslərindən XİN-lər nazirlərinin Türkiyəyə səfərləri onu göstərdi ki, bu ölkələr də düşmənçilikdə maraqlı deyil. Türkiyə hesab edirəm ki, bu tendensiyanı davam etdirməlidir. Bütün qarşıdurma ritorikası yığışdırılmalıdır. Mümkün qədər xoş məram nümayiş etdirilməli, hətta İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razı olmalıdır ki, üzərindəki təzyiqləri heçə endirə bilsin".
Azər Qasımov onu da qeyd etdi ki, Türkiyə bu tarixi məqamdan, sınaqdan güclənərək çıxmalıdır.