Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib ki, fevralın 15-də Ermənistan Azərbaycanla sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub, təklifləri Bakıya göndəriblər. Onun sözlərinə görə, sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib.
"Biz layihə üzərində belə bir məntiqlə işləyirik - hər an imzalamağa hazır olduğumuz sənədi əldə etmək. Aydın məsələdir ki, sənəd Azərbaycan üçün də məqbul sayılmalıdır. Amma ümid edirik ki, üç il ərzində aparılan danışıqlarla əldə olunmuş müəyyən irəliləyişləri inkişaf etdirmək mümkün olacaq", - deyə Nikol Paşinyan vurğulayıb.
Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Turan Rzayev bildirdi ki, Paşinyanın Azərbaycana sülh müqaviləsinə dair təkliflər göndərdiyinə dair xəbər olsa da, bu təkliflərin tam olaraq nədən ibarət olduğu bəlli deyil.

Turan Rzayev
“Ümumi yanaşmaya görə, Paşinyan hələ də “Dağlıq Qarabağ” ifadəsi işlədir. Eyni zamanda, Azərbaycanın Qarabağdakı ermənilərlə birbaşa siyasi danışıqlara getməsini, hətta bunun üçün xüsusi bir beynəlxalq komissiyanın yaradılmasını təklif edir. Əvvəla, Azərbaycan “Dağlıq Qarabağ” adlı bir ərazi vahidi tanımır. Hazırda Azərbaycanda belə ərazi vahidi yoxdur. İkincisi, Azərbaycanın siyasi olaraq Xankəndidəki ermənilərlə və yaxud da ki, separatçı rejimlə bu və ya başqa formada danışıqlara getməsi müzakirə mövzusu belə deyil. Məsələ ondadır ki, belə bir danışıqlar Bakının Xankəndini özünə bərabər və siyasi subyekt olaraq görməsinə gətirib çıxara bilər. Azərbaycanın belə bir addım atmağı da inandırıcı deyil. Digər tərəfdən, Azərbaycan hazırda rus sülhməramlıların nəzarətində olan ərazilərimizlə bağlı məsələni beynəlxalq səviyyədə qaldırıb. Buna dair beynəlxalq komissiyanın qurulmasına da heç vaxt razı ola bilməz, çünki bu, Azərbaycanın daxili məsələsidir”.
Turan Rzayev onu da açıqlamasında ifadə etdi ki, bir tərəfdən Rusiya ilə münasibətlər quran, digər tərəfdən isə İrəvana Avropa İttifaq missiyasını dəvət edən Ermənistan indiki məqamda sülhə dair ciddi bir addım atmayıb. Turan Rzayev qeyd etdi ki, bu il ərzində əgər Ermənistan tərəfi sülh müqaviləsinə dair adekvat bir addım atmasa, antiterror əməliyyatları bənzəri, kiçik tipli hərbi toqquşmaların olması realdır. Xüsusilə də bu əməliyyatlarda Ermənistan növbəti dəfə məğlubiyyətə uğrayacaq.
Paşinyanın sülh mətni barədə ehtimal detalları Metbuat.az-a şərh edən millət vəkili Cavid Osmanov da hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan yenə də dürüstlük nümayiş etdirmir. Millət vəkili vurğuladı ki, Paşinyanın açıqlamalarında müəyyən təkziblər var. Müsahibimizin qənaətinə görə, məhz Ermənistan baş nazirinin sülh müqaviləsinin mətnini ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə - ABŞ, Fransa və Rusiyaya da göndərməsi onu sübut etdi ki, Ermənistan sülhə hazır deyil və sülh müqaviləsinin mətni yalnız beynəlxalq ictimaiyyətə istiqamətlənmək üçün nəzərdə tutulub.

Cavid Osmanov
“Bildiyiniz kimi, ATƏT-in Minsk qrupunun artıq fəaliyyəti yoxdur. İkincisi, Fransanın mövqeyi Azərbaycana qarşı aydındır. Fransanın xüsusən Vətən müharibəsi müddətində, ondan sonrakı mərhələdə Azərbaycana qarşı əsassız qətnamələr qəbul etməsi, qərəzli mövqe nümayiş etdirilməsi, Ermənistana açıq şəkildə dəstək nümayişi bütün bunların bariz nümunəsidir.
Nikol Paşinyanın açıqlamasında onu da qeyd edir ki, bu elə bir sülh müqaviləsi olmalıdır ki, yeni müharibəyə gətirməsin. Bu fikirlər Paşinyanın verdiyi ilk bəyanatın tamamilə əksini nümayiş etdirir. Digər tərəfdən, sülh müqaviləsini imzalamaq üçün ilk növbədə Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir və burada əsas iki istiqamət var. Birincisi, hələ də Azərbaycan ərazisində erməni terrorçuları, silahlı birləşmələri, quldurları mövcuddur və baxmayaraq ki, müqavilənin imzalanmasının üçüncü ildönümüdür, hələ də o terrorçular Azərbaycan ərazilərindən çıxarılmayıb. Eyni zamanda, müxtəlif yollarla orada terrorçuların hazırlanması üçün üçüncü dövlətlər, xüsusən İran tərəfindən oraya casusların gətirilməsi də faktı da mövcuddur. Digər bir tərəfdən, Zəngəzur dəhlizinin açılması ilə bağlı hələ də Ermənistan nə konkret addımlar atıb, nə də üzərinə götürdüyü öhdəliyi yerinə yetirib. Yəni bütün hallarda biz görürük ki, Ermənistanın baş nazirinin bu açıqlaması beynəlxalq ictimaiyyətə yanlış fikir formalaşdırmaq naminə səsləndirilibdir”.
Cavid Osmanov qeyd etdi ki, Ermənistan artıq siyasətini konkretləşdirməlidir. Çünki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, 2023-cü il Ermənistan üçün son şans olacaqdır.
“Sülh müqaviləsinin imzalanması Ermənistan üçün vacibdir. Düşünürəm ki, artıq onlar bunu dərk edib üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməklə sülh müqaviləsinin imzalanmasına tələsməlidirlər”.
Ermənistan rəhbərliyinin Münxen konfransı öncəsi guya sülhə hazır olduqlarını, anlaşmanın mətni üzərində ciddi işlədiklərini sərgiləmək niyyətini geosiyasi vəziyyət xeyrinə dəyişmək olduğunu ifadə edən millət vəkili Sahib Alıyev hesab edir ki, belə davranmaqla Paşinyan hakimiyyəti danışıqlar prosesini uzatmaq istəyir.

Sahib Alıyev
“Yenə də üç il öncə deyilənlər təkrarlanır, guya Ermənistan elə bir sülh anlaşması istəyib təklif edir ki, orada "bütün tərəflərin maraqları nəzərə alınıb". O zaman sual oluna bilər ki, Paşinyan tezlikə sülhə hazır olduğunu dediyi halda nə üçün Praqa danışıqlarından sonra planlaşdırılan Brüssel gürüşünü "Fransa Prezidenti orada olmasa, mən də getməyəcəm",- deyərək pozdu?. Avropa Birliyi platformasında keçiriləcəyindən həmin görüşdə moderatorluğu Şarl Mişel edəcəkdi, elə isə Makron Ermənistan baş nazirinin nəyinə lazım idi, hansı funksiyanı yerinə yetirəcəkdi? Belə görünür ki, Paşinyanla komandası ikinci Qarabağ savaşından gərəkən dərsi çıxarmayıblar”.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli də Ermənistanın sülh istədiyini düşünmür. Metbuat.az-a açıqlamasında müsahibimiz bildirdi ki, Rusiyadan edilən təzyiq fonunda ya Ermənistan müstəqilliyini itirməli olacaq, ya da ikinci Ukrayna ssenarisi işə düşəcək.

Əziz Əlibəyli
“Hər iki vəziyyətdə Nikol Paşinyan hakimiyyətini itirəcəkdir. Paşinyan da tələsir ki, Türkiyə ilə sərhədlər açıldığı üçün hakimiyyətini sığortalayaraq dərhal sülh müqaviləsi imzalasın. Bundan sonra Paşinyan Qərbdən də istədiyi dəstəyi ala bilər. Amma biz buna o halda razı olarıq ki, Ermənistan tərəfi sülh müqaviləsi şərtlərini doğru təqdim etsin. Sülh mətninin ən kritik nöqtəsi Ermənistan tərəfinin göndərdiyi variantda Dağlıq Qarabağ ifadəsinin yer almasıdır. Azərbaycan bir mənalı şəkildə Dağlıq Qarabağ ifadəsi keçən heç bir müqavilə mətinini nə qəbul edər, nə də onu imzalayar. Yəni bu da yeni doğulmuş ölü uşaq misalıdır. Qəbul olunan bir məsələ deyil”.
Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”" mövzusu üzrə dərc olunub.
