Mətbuatın subay qızlarının Novruz falları:

Novruz bayramının adət-ənənələrindən biri də bayram fallarıdır. Nənələrimizdən analarımıza, onlardan da bizə qədər gələn bu adət günümüzdə də aktuallığını qoruyub saxlaya bilib.

Novruz axşamlarında elə ki qaş qaralır, subay qızlardan kimisi bir yerə toplaşıb niyyətlərinə uyğun fala baxır, kimisi qapı pusur, kimisi də başmağını arxaya tullayaraq niyyətlərinin çin olub-olmayacağını bilmək istəyirlər. Adətən əksər qızların niyyətləri ya ailə quracaqları insanın kimliyi, ya da ümumiyyətlə bu il arzularının çin olması ilə bağlı olur.

Metbuat.az bu Novruz bayramında mediadakı gənc jurnalist xanımlarla həmsöhbət olaraq onların Novruz fallarına inanıb-inanması ilə maraqlanıb.

“İki il əvvəl yuxumda qara kostyumlu oğlan görmüşdüm”

Metbuat.az” saytının müxbiri Gülər Seymurqızı: “Mən Novruz fallarına inanmıram. Düzdür, qızlar üzük falının doğru olduğuna çox inanırlar. Demək, bir dəfə üzük falında 16 yaşında ailə quracağım çıxmışdı. Amma hazırda 24 yaşım var. Normalda inanmasam da, maraqlı olsun deyə bir dəfə də alma yeyib, sapını balıncımın altına qoyub yatdım. Gecə yuxumda kostyumlu, yaraşıqlı bir oğlan gördüm (gülür). Düzdür, hələ də yuxumda arxadan gördüyüm o hündür boy oğlan qarşıma çıxmayıb. İki il bundan qabaq o yuxunu görmüşəm. Qara rəngdə kostyum geyinmişdi. Mənə doğru dönəndə yuxudan ayıldım”.

“Bu il üzük falımda 26 yaş çıxdı”

“Bakı vaxtı” saytının müxbiri Nuranə Daxilqızı: "Fala inanma, falsız da qalma" deyiblər. Nə yalan deyim, digər vaxtlarda edilən fallara inanmasam da, Novruz bayramında edilən fallara inanıram. Çünki hər Novruzda qızlarla müəyyən falları edirik və gələn bayrama qədər reallaşdığının şahidi oluruq. Məsələn, üzük falında rəfiqələrimdə neçə yaş çıxıbsa, doğurdan da o yaşda evlənib. Amma evli və ya nişanlı qızlar üzük falı edəndə, onlarda üzük tərpənməyib. Bundan əlavə, buğda falında kimin adına atılan buğda birinci çırtdayıbsa, həmin il nişanlanıb. Bunun kimi bir neçə nümunə gətirmək olar. Ümumiyyətlə, Novruz ənənələrinin hər birini çox sevirəm və fallarına inanıram. Bu il mən üzük falı etdim mənə 26 yaş çıxdı, gözləyək görək məndə nə zaman reallaşacaq (gülür).

“Müsavat TV”nin müxbiri Dürrə Həsənova isə Novruz falı etməyə maraqlı olsa da, bəzi nəticələrindən narazıdır.

Dürrə Həsənova: “Abituriyent vaxtı qapı dinləmə falına çıxdım. Qonşu qızı anasına efirdəki konsertin canlı, yoxsa fonoqram olduğunu soruşmuşdu. Anası da canlı olduğunu demişdi. O vaxt yoza bilmədim, amma həmin il BDU-nun jurnalistika fakültəsinə daxil olanda Novruz falına hardasa inamım yarandı. Su falına görə mən 24 yaşımda evlənməli idim, amma hələ də subayam. Su falı təəssüf ki, özünü doğrultmadı”.

“Hər il yeni, yox, hər il fərqli olacaqdı”


“APA” informasiya agentliyinin müxbiri Aləmdə Nəsib düşünür ki, bayram falları adət-ənənəmizin bir parçasıdır.

Aləmdə Nəsib: “Fala inandığımı deyə bilmərəm. Novruz bayramında fala baxmışam, demək olar, hər il başqa falla maraqlanır, imkan olduqca qızları başıma yığıb fala baxıram. Bu il də qapı pusmağa çıxmışdıq. Buna hər il özümün və yaxınlarımın könlünü xoş etmək üçün süfrə bəzəmək, şəkərburaya naxış vurmaq, tonqal qalamaq, papaq atmaq kimi baxıram. Yəni məsələ fala inanıb-inanmamaq deyil. İldə bir dəfə nənə-babalarımdan eşitdiyim digər Novruz ənənələri kimi bunu da yaşatmağa, yaşamağa çalışıram. Məncə, ifrata varmadan edilən və kimsəyə zərəri olmayan bir çox əməllər kimi bu cür adətlərin yaşadılmasında bir qüsur yoxdur”.

Metbuat.az saytının dizayneri Səbinə Qasımova da Novruz fallarına əyləncə kimi baxır:

(Qucağında mənim oğlumdur)

Səbinə Qasımova: “Bu günə qədər sınamasam da, mənim üçün əyləncə kimi görünür. Mən fala yox, enerjiyə inanıram. Əslində, bu il yoxlayacaqdım, amma, deyəsən, ehtiyac qalmadı” (gülür).

Deyəsən, Səbinə xanımın xoş xəbəri qapıdadır.

“Duzlu kökə yeyib, yatdığım da olub”

“ARB TV” nin redaktoru Turan Ədalət: “Novruz adətləri içərisində ən duzlu-məzəli adətlərdən biri də qulaq falı və digər falları sınaqdan keçirməkdir. Bunlar arasında mənə xüsusən qapıpusdu, yəni qulaq falı daha çox maraqlı gəlir. Uşaq vaxtı o qədər qapı-qapı gəzib, qulaq falına çıxmışam ki. Niyyət edirdim, başlayırdım qapının arxasından gələn səsi dinləməyə. Əgər yaxşı bir söz eşidərdimsə, deyirdim aha arzum yerinə yetəcək. Hətta, çin çıxanı da olub nə yalan deyim. Bəlkə də bir təsadüf idi. Hə, bir də üzük falına baxardıq. Evli və ya nişanlı rəfiqələrimizdən birinin üzüyünü 3 dəfə suya batırıb çıxarıb, stəkana dəyən taqqıltılarını sayardıq. Üzük hansı sayda dayanardısa, demək sən bu yaşda ailə quracaqsan deyib, zarafatlaşardıq. Duzlu kökə yeyib, yatdığım da olub. Amma ki, bu fallar düz çıxmayıb, çünki hələ də subayam (gülür). Amma çalışıram hər il Novruz tonqalından atlayım, bu adəti davam etdirməyi çox sevirəm”.

Sonda ailəli olsam da, ilk bayram falım haqqında kiçik də olsa hisslərimi yazmaq istəyirəm.

20 yaşım olanda bacılarım ilə birlikdə üzük falı etdik. Mən hər zaman bu kimi rituallara əyləncə kimi baxır, adət yerini tutsun deyə təkrar edərdim. Anamın nişan üzüyünü götürüb, saçımın telinə bağladım, armudu stəkana su süzüb, həmin telin ucundan sallanmış üzüyü stəkanın içində yellətməyə başladım. 24 yaşına qədər üzük yellənib dayandı. Əlbəttə, mən buna inanmadım amma həyat elə sürpriz gətirdi ki, mən 24 yaşımda ailə qurdum. Başqa bir fal isə almanı yeyib çöpü ilə gələcəkdəki həyat yoldaşımı görmək barədə olmuşdu. Qızlar, alma fallarına inanmağa dəyər, çünki mənim həmin o alma falımda həyat yoldaşım görünmüşdü.

Bu bayramda hər birinizin falının çin olması arzusunu diləyirəm.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR