Bakı-Sofiya əməkdaşlığı:

“Son illərdə Azərbaycan-Bolqarıstan əlaqələrində dinamik inkişaf müşahidə olunur. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Avropada müşahidə olunan enerji böhranının yaşandığı dövrdə Azərbaycanın “köhnə qitə” üçün əhəmiyyəti daha da artmaqdadır”.

Bu fikirləri Metbuat.az-a politoloq Turan Rzayev deyib. Onun şərhinə görə, Cənub Qaz Dəhlizinin işə düşməsi Azərbaycanı Avropanın enerji təminatında mühüm aktorlardan birinə çevirib.

Bolqarıstan Azərbaycan üçün etibarlı tərəfdaş, dost ölkədir. Bu dostluq iki ölkə prezidentləri səviyyəsində də hiss edilir. Təsadüfi deyil ki, 2022-ci ildə olduğu kimi, bu il də Prezidentin Bolqarıstana səfəri Rumen Radevin rəsmi dəvəti əsasında baş tutur. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandum” da bunu bir daha sübut edir. Avropada Azərbaycan təbii qazından faydalanacaq ölkələrdən biri də, şübhəsiz, Bolqarıstandır. 2022-ci ildə rəsmi açılışı baş tutan və Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımdan mühüm əhəmiyyətə malikdir. Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə iki ölkə münasibtələri yeni mərhələyə yüksəldi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Bolqarıstana səfəri zamanı Sofiyada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ofisinin rəsmi açılışında iştirak edəcəklər.

Politoloq qeyd etdi ki, Rumen Radev və İlham Əliyevin iştirakı ilə Sofiyada Aİ-yə təbii qaz tədarükünün təhlükəsizliyinin artırılması üçün “Həmrəylik halqası” təşəbbüsü haqqında memorandum imzalanması da gözlənilir.

Dövlət Neft Şirkətinin (SOCAR) ofisinin rəsmi açılışının baş tutması həm də o baxımdan vacibdir ki, Azərbaycan Türkiyədən sonra Bolqarıstanla da Qara dənizdə aşkarlanan yeni neft və qaz yataqlarının birgə istismar edilməsində ortaq işlər icra edə bilər. İki ölkə arasında siyasi münasibətlər müsbət tendesiya üzrə inkişaf edir. Rəsmi Bakı üçün Bolqarıstan eyni zamanda o baxımdan önəmlidir ki, Sofiya həm Avropa İttifaqının, həm də NATO-nun üzvüdür. Xüsusilə Avropa İttifaqında ölkəmiz əleyhinə Fransa başda olmaqla bəzi ermənipərəst qüvvələrin vaxtaşırı qəbul etdirmək istədiyi qətnamə layihələrinin və ya qərarların bloklanması baxımdan Bakı-Sofiya əməkdaşlığı vacibdir”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR