Siyavuş Aslanın kiçik oğlu: “Atam qoymurdu ki, qardaşımla oturub-durum”

Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslan bir həftə əvvəl vəfat edib, lakin onun cənazəsi təhvil alınmadığından bu müddətdə Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyində qalıb.

Metbuat.az xəbər verir ki, moderator.az Çingizin məsələ ilə bağlı mərhumun qardaşı Eldar Aslanla əlaqə saxlayıb.

Siyavuş Aslanın kiçik oğlu qardaşının ölümündən xəbərsiz olduğunu bildirib:

“Vallah xəbərim yoxdur. Ailəsi olaraq xəbər versəydilər, bilərdik. Deyirlər ki, 5 gündür dünyasını dəyişib, nə əcəb bu 5 gündə sosial şəbəkələrdə yayılmadı? Kimsə mənə zəng etmədi? Bizim ailə qəbirstanlığımız yoxdur.

Atamı fəxri xiyabanda dəfn ediblər, anamı isə Yasamal qəbirstanlığında. Anamın yanında da yer yoxdur. Onsuz da bu yolu götürmüşdü, ona doğru gedirdi. Başqa cür olması mümkün deyildi. Bu insan 60 yaşında da pis vərdişlərindən əl çəkmədi”.

Eldar Aslan qardaşı ilə münasibətinin heç vaxt yaxşı olmadığını bildirib:

“Əslində böyük qardaş o idi. Böyük qardaş atanın yarısı deməkdir. Mən əlimdən gələni edirdim. Amma o heç nə etmirdi. Mənim onunla aramda qardaşlıq olmayıb. Barmaqla sayaram ki, mən bu insanı neçə dəfə görmüşəm. Həyatının 20 ilini həbsxanada yatıb. Evdə də tapılmırdı. Ondan qayğı görməmişəm.

Əvvəldən aramızda soyuqluq var idi. Atam da heç sağlığında qoymurdu ki, onunla oturub-durum. Deyirdi ki, “nə badə həbsxanaya yanına gedəsən”. Bir-iki dəfə atamla getmişdim. Bir atanın övladıyıq. Bir qardaş kimi boynuma nə düşürsə, onu da etməliyəm”.

Eldar Aslan əlavə edib ki, hazırda işsizdir:

“2019-cu ildə pandemiya olandan Moskvadan aralanıb, Bakıya gəldim. İşimi itirdim. İndiyə qədər iş-güc tapa bilmirəm ki, kirayə pulumu verə bilim. Var-dövlət istəmirəm, normal həyat sürmək istəyirəm. Savadıma, təcrübəmə uyğun işistərdim. Yaşımın çox olduğunu bilib işə götürmürlər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı