"Prezidentin əfv sərəncamı böyük humanizm və tolerantlıq nümunəsidir" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv sərəncamı imzalayıb.

Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilmişdir. Əfv sərəncamı ilə 14 nəfər əcnəbi vətəndaş əfv edilib. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 11 nəfər əcnəbi cəzanın çəkilməmiş hissəsindən azad edilib. İki nəfər əcnəbinin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər əcnəbi cəzadan azad edilib. Əfv olunanlar sırasında 25 qadın da var.

Prezidentin əfv sərəncamını yüksək qiymətləndirən millət vəkili Cavid Osmanov Metbuat.az-a bildirdi ki, bu əfv sərəncamı müstəqil Azərbaycan tarixində ən böyük imzalanmış əfv sərəncamıdır.

"Ermənilər bu addımları ilə xalqımıza qarşı nifrət bəslədiklərini nümayiş etdirdilər" -

Cavid Osmanov

"Birincisi, onu qeyd etmək lazımdır ki, Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin 100 illiyi ölkəmizin tarixində əlamətdar bir hadisədir. Heydər Əliyev hər zaman humanizm prinsipləri, demokratik dövlət quruluşu prinsiplərinə əsaslanaraq qərarlar qəbul etmişdi. Ölkə Prezidenti cənab İlham Əliyev də belə bir böyük əfv sərəncamı imzalamaqla 801 nəfərin ailəsinə yenidən xoşbəxtlik gətirdi və bütövlükdə Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Bundan əvvəl də azadlığa çıxan şəxslər və onları qarşılamağa gələn ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə və əlamətdar bayram ərəfəsində əfv olunmalarına görə dövlətimizin başçısı İlham Əliyevə və respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Əfv olunan məhbusların ailələri Azərbaycandakı humanizmi yüksək dəyərləndirirlər. Həmçinin bu Sərəncam dünyada hələ də ölüm hökmlərinin qaldığı bir çox ölkəyə də örnək olmalıdır. Sərəncam bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı, xoşbəxtliyi dayanır, insanlara növbəti şans verilir. Bu, Azərbaycan tarixində qəbul edilmiş ən böyük əfv aktıdır".

Politoloq Turan Rzayev Metbuat.az-a açıqlamasında vurğuladı ki, Prezident İlham Əliyevin Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Respublikanın tarixində qəbul edilmiş ən böyük əfv aktı olması ilə yanaşı həm də böyük humanizm və tolerantlıq nümunəsidir.

Bu qərar Qərbin müdafiə etdiyi dəyərlərə xəyanətdir"

Turan Rzayev

"Belə ki, bir çoxları həbsxanalara insanları tərbiyələndirmək, islah etmək üçün bir məkan, obyekt kimi baxsa da, təcrübə göstərir ki, insanları dörd divara məhkum etmək əksinə, onları daha da aqressivləşdirir, psixologiyalarında cəmiyyətə qarşı inamsızlıq və qəzəb formalaşdırır. Həbsxanalar həm də bir çox insanın fiziki və mənəvi-psixoloji sağlamlıqlarına zərbə vurur. Xüsusilə təsadüfən, bilmədən, istəmədən, şüurlu surətdə olmadan yüngül cinayət törətmiş və bundan səmimi-qəlbdən peşman olan insanlar bu vəziyyətlə daha çox üzləşir. Belə insanların cəmiyyətə qazandırılması üçün əfv sərəncamlarının imzalanması olduqca vacibdir. Bütün cəmiyyətlərdə və bütün dinlərdə bağışlamaq, əfv etmək böyüklük kimi xarakterizə edilir".

GÜLBƏNİZ HÜSEYNLİ / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı