“İlham Əliyev ata vəsiyyətin yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdi” - Millət vəkili

“Prezident İlham Əliyevin Şuşada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə Azərbaycan xalqına etdiyi müraciətin xüsusi önəmi var”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib. Millət vəkili vurğuladı ki, Ulu öndər 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış respublikaların arasından çıxararaq qısa vaxt ərzində ölkəmizi sənaye ölkəsinə çevirdi. Məhz onun səyləri nəticəsində həm mədəniyyət, həm təhsil, həm səhiyyə, həm sosial və digər sahələrdə bir çox məsələlərin həll olunması respublikamızın çiçəklənən bir ölkəyə çevrilməsinə səbəb oldu.

Millət vəkili Vüqar İskəndərov

“Cənab Prezident çıxışı zamanı bir çox maraqlı fikirlər söylədi. Ölkədə 90-cı illərin əvvəllərində Xalq Cəbhəsi və Müsavat cütlüyünün iqtidarında olan respublikamız uçuruma doğru gedirdi. Bu zaman xalqın təkidi tələbi ilə Heydər Əliyev hakimiyyətə gələrək Azərbaycan Respublikasının müstəqil dövlət kimi sürətlə inkişaf etməsinə şərait yaratdı. Heydər Əliyev bir çox sahələrdə xüsusilə ordu quruculuğunu inkişaf etdirərək, iqtisadiyyatın dirçəldilməsi üçün bir çox neft müqavilələrinin imzalanmasına nail oldu.Ölkədə torpaq islahatı həyata keçirildi. Ulu Öndər senzuranın ləğv olunmasına göstəriş verərək, latın əlifbasına keçid və müstəqil dövlət atributlarının tələb etdiyi bütün məsələləri qaydasına qoydu”.

Vüqar İskəndərov qeyd etdi ki, Ulu Öndərin qətiyyəti nəticəsində Azərbaycanın bütün sahələrində inkişaf, tərəqqi gözlə görüləcək qədər hiss olunurdu. Heydər Əliyevin Azərbaycanı müasir inkişaf etməkdə olan ən güclü ölkələrdən birinə çevirdiyini ifadə edən millət vəkili onu da bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev bugünkü müstəqil siyasət yürüdən dövlətimizin bünövrəsini möhkəm təməllər üzərində inşa edib.

“Şuşa şəhərindən canlı yayımda xalqa müraciət edən İlham Əliyev 44 günlük Vətən müharibəsində şanlı ordumuzun şücaəti ilə torpaqlarımızın işğaldan azad olunaraq qazandığımız qələbəmizin də Ulu öndərin arzusu olduğunu xüsusilə qeyd etdi. Ulu Öndər son nəfəsinə qədər Azərbaycan sevdalısı olduğunu ifadə etmişdir. O hər zaman işğalda olan torpaqlarımızın azad olunacağına inanmışdır. Cənab Prezidentimiz ata vəsiyyətini doğruldaraq sərkərdə kimi torpaqları düşməndən xilas etdi. Qarabağın incisi olan Şuşadan bu bəyanatın verilməsi isə hər bir azərbaycanlı kimi bizi də qürurlandırır. Düşünürəm ki, bu inkişaf, tərəqqi, dayanıqlı iqtisadi vəziyyət qarşıdakı illərdə daha da sürətlə irəliyə gedəcək və Azərbaycanımız dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcəkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı