Gənclər və idman naziriFərid Qayıbov "Təhsil TV"də yayımlanan "İmtahan" verilişində iştirak edib.
Metbuat.az xəbər verir ki, "İmtahan"ın ilk buraxılışının qonağı olan nazir məktəblilərin və tələbələrin 30 sualını cavablandırıb.
Şagirdlərin birinin nazirin "elmlər namizədi olmusunuz, elmlər doktoru olmaq istəmirsiniz?" sualına Qayıbov belə cavab verib: "Əslində, bu barədə düşünməmişəm. Son vaxtlar oxumağı daha çox sevirdim. Masterlə xarici proqrama qoşulmuşdum. Sonra nazir olduğum üçün davam edə bilmədim. Bəlkə gələcəkdə. İndi vaxtım yoxdur".
O, orta məktəbdə oxuyanda riyaziyyat fənnini daha çox sevdiyini söyləyib.
Tələbələrdən biri nazirə "TikTok" işlədib-işlətmədiyini soruşub. Nazir bildirib ki, əsasən feysbukdan istifadə edir: "Bəzən vatsapdan mənə videolar atırlar, onda baxıram. Amma belə hesabım yoxdur".
F.Qayıbov bildirib ki, idman sahəsində çalışmağın əsas üstünlüklərindən biri çoxlu ölkələri gəzməkdir: "Artıq 62 ölkədə olmuşam. Bütün ölkələr maraqlıdır. İdman sahəsində olduğunuz zaman tez-tez yarışlara, tədbirlərə gedirsiniz və nəsə öyrənirsiniz. Yaxşı həyat təcrübəsidir. Hər bir ölkə gözəldir. Amma sonda Vətənə qayıdırsınız”.
Gənclər və idman naziri futbolu insan həyatına bənzədib. O, Azərbaycan futbolunun hazırkı durumuna da qiymət verib: “Bir çox idman növlərini insan həyatına bənzətmək olar. Ağlıma ilk gələn futboldur. Mən özüm futbol azarkeşiyəm. Burada dram, sevgi, bir sözlə, hər şey mövcuddur. Futbolda problemlərimiz var, bunlar göz önündədir. Əlbəttə, klub səviyyəsində nəticələrimiz var. Amma təəssüf ki, millimizdə vəziyyət ürəkaçan deyil. Bunun da səbəbləri çoxdur. Onları aradan qaldırmaq üçün milli assosiasiya, klublar tərəfindən işlər görülməlidir”.
Daha ətraflı videoda: