Hirosimada “G7” sammiti: Əsas müzakirə mövzusu Ukraynaya dəstəkdir - ŞƏRH

Xəbər verdiyimiz kimi, Yaponiyanın sədrliyi ilə Hirosima şəhərində G7 ölkələrinin zirvəsi başlayıb.

Sammitdə Rusiyanın Ukraynaya hücumu, Şimali Koreyanın nüvə silahları və ballistik raket proqramı, Çinin bölgədə artan hərbi varlığı, eləcə də qlobal iqtisadiyyat və texnologiya kimi qlobal təhlükəsizlik məsələləri müzakirə edilir.

G7-nin gündəliyi ilə bağlı Metbuat.az-a şərh verən politoloq İlyas Hüseynov bildirdi ki, mütəmadi olaraq keçirilən sammit çərçivəsində dünyadakı əksər aktual məsələlər müzakirə olunur.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

İlyas Hüseynov

“Aktual mövzular dedikdə - dünyada qlobal problemlər, kataklizmlər, ərzaq və sülh çatışmazlığı, kənd təsərrüfatında olan problemlər tədarük səncirinin qırılması ilə yanaşı, həm də müharibələr və onların aradan qaldırılması məsələləri daxildir. Digər tərəfdən, Rusiya Ukrayna müharibəsi artıq bir ildən çoxdur ki, davam edir. Ukrayna güclü siyasi, iqtisadi, hərbi, sosial, mənəvi dəstəyin verilməsi də şübhəsiz ki, müzakirə olunacaq mövzular siyahısındadır”.

Sammitin Hirosima şəhərində keçirilməsinin rəmzi xarakter daşıdığını vurğulayan İlyas Hüseynov vurğuladı ki, dünyada nüvə risklərinin çox güclü olduğu bir zamanda belə bir həmrəylik nümayişi planeti xilas edə bilər.

“Bu gün də nüvə müharibəsinə dair ehtimallar güclənir, müxtəlif səpkidə təhdid dolu çıxışlar, açıqlamalar edilir. Ona görə də müharibənin dinc, siyasi danışıqlar yolu ilə nizamlanması mühüm aktuallıq kəsb edir. Müzakirələrdə Ukrayna üçün ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının və suverenliyinin bərpa olunması qırmızı cizgilər hesab edilir, çox mühüm əhəmiyyət daşıyır. Bu cür sammitlərdə hər zaman məhz ərazi bütövlüyü məsələsi önə çəkilərək, bu müstəvidə fikirlər yürüdülür”.

Qeyd edək ki, “Bloomberg” öz mənbələrinə istinadən Ukrayna Prezidenti Volodimir Zelenskinin də G7 sammitində iştirak etmək üçün Yaponiyaya gedəcəyini xəbər verib.

Bildirilib ki, Ukrayna prezidenti bundan əvvəl Ərəb Dövlətləri Liqasının sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanında olacaq, oradan isə ABŞ hərbi təyyarəsi ilə Yaponiyaya səfər edəcək. ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi nəşrə şərh verməkdən imtina edib.

Üç gün ərzində - mayın 21-dək şəhər bir sıra kəskin qlobal mövzuların müzakirəsi üçün platformaya çevriləcək: Ukrayna müharibəsi, nüvə tərk-silahı, ərzaq böhranı, təmiz enerjiyə keçid, Çin siyasəti.

Sammitdə Yaponiyanın Baş naziri Fumio Kisida, ABŞ Prezidenti Cozef Bayden, İtaliyanın Baş naziri Corca Meloni, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, Kanadanın Baş naziri Castin Trüdo, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron edəcəklər.

İclasa Avropa İttifaqının nümayəndələri – Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen dəvət olunublar. Bundan başqa, sammitdə Avstraliya, Braziliya, İndoneziya, Cənubi Koreya, Vyetnam, Kuk adaları və Komor adaları İttifaqının liderləri və yüksəkvəzifəli siyasətçilərinin iştirakı gözlənilir.

GÜLBƏNİZ HÜSEYNLİ / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı