Mülki Prosessual Məcəlləyə dəyişiklərlə bağlı qanun layihəsinə əsasən əlillər, insan alverinin qurbanları və valideyn himayəsindən məhrum olmuş şəxslər ödənişli hüquqi xidmətdən azad olunur.
Metbuat.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin mayın 31-də keçirilən iclasının gündəliyinə daxil edilib.
İkinci oxunuşda təqdim edilən qanun layihəsinə əsasən Mülki Prosessual Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərarda qəbul edir:
- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
- insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;
- valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar;
- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
- müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər;
- maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər.
Qanun layihəsi səsvermədən sonra ikinci oxunuşda qəbul edilib.