Azərbaycanda yeni cərimələr müəyyənləşir - 300 manatdan 5000 manatadək

Utilizator tərəfindən “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə təsdiqedici sənədin verilməməsinə görə vəzifəli şəxslər 3000 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə ediləcəklər.

Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, utilizator, yaxud nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxs tərəfindən nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın nüsxəsinin “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsə verilməməsinə və ya nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora göndərilməməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcəklər. Həmçinin layihəyə əsasən, utilizator tərəfindən “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərlə bağlı yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə vəzifəli şəxslər 700 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə olunacaqlar.

Utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fəaliyyətində pozuntularla bağlı cərimələr müəyyənləşir.

Belə ki, utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fəaliyyəti ilə bağlı “Tullantılar haqqında” qanunla müəyyən edilən tələblərin pozulmasına və ya vəzifələrin yerinə yetirilməməsinə, yaxud nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxs tərəfindən bu fəaliyyətlə bağlı həmin qanunla müəyyən olunan vəzifələrin yerinə yetirilməməsinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə olunacaqlar.

Həmçinin utilizator tərəfindən utilizatorların reyestrində onun haqqında olan məlumatlarda baş vermiş dəyişikliklər barədə “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora məlumatın verilməməsinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcəklər.

Yuxarıda nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimələnəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı