Bağ evlərinin qiymətlərində KƏSKİN artım var - Bir gün 800 manat

Yay ayları yaxınlaşdıqca insanların istirahət üçün üz tutduqları məkanlarda da qiymətlər artır. Bəs bu il vəziyyət nə yerdədir?

Hazırda Azərbaycanda xüsusilə bağ evlərində ciddi qiymət artımı müşahidə edilir.

Metbuat.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, digər aylardan fərqli olaraq, yayda istirahət zonalarında 2-3 dəfəyə qədər qiymət artımı müşahidə edilir:

"Hər il ənənəvi olaraq yay ayları yaxınlaşdıqca bağ evlərinə bölgələrdəki turistik zonalara tələbat artır. May ayının sonundan başlayaraq avqust ayının sonuna qədər qiymətlər baha qiymətə təklif olunur, xüsusilə də bağ evlərində. Bakıda da bağ evlərinə tələbat olur. Əvvəllər bu tələbat daha çox idi. Hazırda istirahət üçün mövsümi olaraq insanların daha çox Azərbaycanın şimal, cənub qərb bölgələrinə ciddi axını var. Bununla paralel təkcə bağ evlərinin kirayə qiymətləri deyil, həmin ərazilərdə artıq torpaq qiymətlərində artımlar müşahidə olunur. Hətta bu zaman vətəndaşlar bölgələrdə bəyəndikləri bağ evlərini belə alırlar. Alıcıların böyük əksəriyyəti kənardan, yəni digər bölgələrdən, xüsusən paytaxt Bakı Sumqayıt şəhərlərindən həmin bölgələrə gedib istirahət edən şəxslərdir".

Ekspert bildirdi ki, Bakının mərkəzi hissələri, Abşeron, dənizkənarı ərazilərdə bağ evlərinin bir günü təqribi 50 manatdan başlayaraq, hətta 400, 500, 800 manata qədər təklif olunur: "Daha baha qiymətlərə də təklif olunan bağ evləri var. Bunlar əsasən istirahət üçün deyil, xüsusi tədbirlər üçün nəzərdə tutulub".

Bu mənzillərlə bağlı dövlət reysterinin olması vacibdir”

Elnur Fərzəliyevin sözlərinə görə, Bakıda bağ evlərinə tələbat azalıb. Bunun ilk səbəbi insanların bölgələrə üz tutmasıdırsa, digər səbəbi quru yolların bağlı olmasıdır:

"Quru yollar açıq olanda Rusiyadan Azərbaycana gələn azərbaycanlılar müəyyən bir həftəlik bağ evlərini kirayə götürüb orada istirahət edirdilərsə, hazırda yollar bağlı olduğuna görə Rusiyadan istirahət üçün Azərbaycana gələn insanların sayında ciddi azalma müşahidə olunur. Bunun özü həmçinin paytaxtda və Abşeron ərazisindəki bağ evlərinə tələbatı azaldır".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı