"Mənim babam Ərtoğruldur, Hüseyn ərəbin babasıdır" - Kamran Həsənli dini adlardan DANIŞDI

“Mənə görə, Həsən, Hüseyn, Fatimə, Zəhra və digər adlar dini ad yox, ərəb adlarıdır. Mən də buna dini ad kimi baxmıram, çünki kiminsə babasının adı da elə ola bilər”.

Metbuat.az bildirir ki, bu sözləri "yenisabah.az"a açıqlamasında tanınmış şoumen Kamran Həsənli deyib. O, son zamanlar yeni doğulan körpələrə verilən adlarda ərəb adlarının sayının çoxalmasına münasibət bildirib. Müsahibimiz söyləyib ki, Azərbaycanda XX əsrin 60-cı illərinə qədər cəmiyyət daha çox ərəb adları ilə dolu idi:

“Soyadlara baxanda da görürük ki Hüseynov, Həsənov və digərləri çoxluq təşkil edirdi. Mənim soyadım da Həsənlidir. Niyə? Çünki sovet hökuməti gələndə soyadlarımız olmayıb. Sovet hökuməti kimin babasının adı nə olubsa, o ada dair də soyadı düzəldib. XX əsrin 20-ci illərində isə Azərbaycanda Şərq ənənəsinə görə, 90% adamda soyadı demək olar ki, yox idi”.

“Ona görə də çox adam babasının adını soyad götürmüşdü və indi qoyulan adları dini ad hesab etmirəm. Amma hər halda millətimiz öz ulu babalarının adlarını qoysa, yaxşı olar. Məsələn, mənim oğlumun 30-dan artıq yaşı var. O, anadan olanda oğlumun adını Ərtoğrul qoyanda qohumlarımız mənə deyirdi ki, “babanın adını niyə qoymursan?” Mən də deyirdim ki, babamın adı Ərtoğruldur, Həsən ərəbin babasının adıdır. Onlar təhsilsiz idilər, tarixdən xəbərləri yox idi. Elə bilirdilər ki, babamızın adı Həsəndir. Amma mən onlara anlada bilmirdim həqiqəti”, - o, əlavə edib.

“Soykökə qayıtmağa gəldikdə isə bu gün biz türkük deyə, öz adlarımızın verilməsinə daha çox üstünlük verirəm və belə olsa, əla olar. Amma yenə deyirəm ki, güman etmirəm, bunlar dini adlardır. İnsanlarımız daha çox ata-babasının adını qoymağa üstünlük verirlər ki, bu da yaxşı ənənə deyil. Çünki bizim əsl babalarımız oğuz babalarımızdır. Ona görə də öz adlarımızı versək, daha yaxşı olar”, - həmsöhbətimiz təklif irəli sürüb.

Onun fikrincə, məntiq təhsilə dayanır:

“Kimsə Həsən adını verirsə, bu, dinə dayanmır. Bir çoxlarımızın babalarının adı Məmməd, Həsən, Hüseyn, Süleyman və Davud olub. Yeri gəlmişkən, Süleyman və Davud da yəhudi adlarıdır. Əsli isə Solomon və David olub. Amma bu, o demək deyil ki, kimsə Süleyman adı qoyursa övladına, bu yəhudi adı verir. O bəlkə də babasının adını verir. Ona görə də bu adların verilməsində birbaşa dinə yönəlməyin özü ikitirəlik yarada bilər ki, bu da yanlış münasibətdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı