Ermənistandan Naxçıvana ekoloji təhdid: Zavodun hansı fəsadları olacaq? - AÇIQLAMA

Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasını aparır. Bu layihənin ekologiyamıza hansı təsirləri olacaq?

Mövzu ilə bağlı "Metbuat.az"a danışan Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, Ermənistan qaydalara riayət etmirsə, ya zavodun tikintisini dayandırmalı, ya da ekologiyaya ziyan vurmayacağını sübut etməlidir:

"Bu zavod ətraf mühitin çirklənməsinə səbəb olacaq. BMT-nin Espo Konvensiyasına həm Azərbaycan, həm də Ermənistan üzvdür. Konvensiyasının müddəalarına görə, sərhədyanı və sərhəd zonalarında zavod tikilərsə, mütləq şəkildə həmin sərhəd ölkəsi ilə razılaşdırılmalıdır. Ekoloji təsirlər öyrənilməlidir. Qaydalara əməl edilməməsi Konvensiyanın müddəalarının pozulmasıdır. Düşünürəm ki, Ermənistanın bu hərəkəti çox qanunsuzdur. Ermənistan onsuz da öz ərazisində tikdiyi zavodlarla Azərbaycanın təbiətini, sularını zəhərləyir, ekoloji terror törədir. Hətta buna görə biz Laçın-Xankəndi yolunda 138 gün aksiya keçirdik. Azərbaycan yəqin ki, bununla bağlı həm BMT-yə, həm də bu məsələlərlə məşğul olan beynəlxalq qurumlara müraciət etməlidir. Ya zavodon tikintisi dayandırılmalıdır, ya da Ermənistan sübut etməlidir ki, tikilən zavod Azərbaycanın ekologiyasına və orada yaşayan insanların sağlamlığına zərər vurmayacaq".

Məsələ ilə bağlı Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyevin də fikirlərini öyrəndik. O qeyd etdi ki, zavodun tikildiyi ərazi Araz çayına yaxın olduğu üçün, çayı çirkləndirə bilər. Çünki tullantıların təmizənərək axıdılması prosesini nəzarətdə saxlamaq çətin olacaq:

"Bu zavodun Azərbaycanla sərhəd bölgəsində tikilməsi ölkəmizin ətraf mühitində ciddi fəsadlara yol aça bilər. Araz çayının yaxınlığında olduğu üçün zavodun çirkab suları Araza axıdılacaq. Tullantı sularının təmizlənərək axıdılması ümumiyyətlə dünyada böyük problmedir. Bunun üçün xüsusi nəzarət tələb olunur. Azərbaycan tərəfinin bu zavodun tullantılarının təmizlənərək xüsusi qaydalarla utilizasiyanın həyata keçirilməsi prosesini nəzarətdə saxlamağı çətin olcaq. Hazırda iki ölkə arasında yaşananlar, ölkələrarası əlaqələrin məhdudluğu buna imkan verməyəcək. Zavodun tikintisinin tək Azərbaycanda deyil, regionda da fəsadlar yaradacağı ehtimal olunur".

Xatırladaq ki, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Azərbaycan QHT-ləri ekoloji fəlakətə yol açacaq bu layihənin əleyhinə bəyanat yayıblar.

Gülər Seymurqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı