"Mənzillərin şəhid ailələrinə verilməsi təklifi dövləti zəif göstərmək cəhdidir" - Seymur Verdizadə

“Hər bir Azərbaycan vətəndaşının yaşamaq üçün geniş və rahat evi olmalıdır. Jurnalist də Azərbaycan vətəndaşı olduğu üçün onun da yaşamağa evi, yazıb-yaratmağa şəraiti olmalıdır. Azərbaycan dövləti jurnalistlərin cəmiyyətin həyatındakı əvəzsiz rolunu nəzərə alaraq, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirir. Cənab Prezidentin sərəncamı ilə Bayıl qəsəbəsində jurnalistlər üçün 3 binanın tikilməsi bu layihənin tərkib hissəsidir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, "Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə deyib. Azərbaycan Prezidenti İlham Əliyevin 19 iyul 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Bayılda jurnalistlər şəhərciyində inşa olunan üçüncü binanın istifadəyə tam hazır olduğunu xatırladan baş redaktor əlaqədar qurumları hərəkətə keçməyə çağırıb:

“Birinci və ikinci binadakı mənzillərin bölgüsü zamanı yol verilən nöqsanlar üçüncü binanın evsiz jurnalistlərə verilməsinə mane ola bilməz. Əksinə, biz əvvəlki dövrdə buraxılmış səhvlərdən nəticə çıxararaq bu dəfə daha ədalətli və şəffaf seçim etməliyik. Evi olmayan, o cümlədən mənzil şəraiti xeyli ağır olan çoxlu sayda jurnalist var. Əgər hazır mənzillər varsa, niyə onlar ehtiyacı olan media nümayəndələrinə paylanılmamalıdır? Tikintisi çoxdan başa çatmış mənzillərin bağlı qapılarını jurnalistlərin üzünə açmağın vaxtı çatıb”.

Seymur Verdizadə hesab edir ki, üçüncü binadakı mənzillərin şəhid ailələrinə və qazilərə verilməsi ilə bağlı təklifi təxribatdır. Jurnalist deyib ki, Azərbaycan dövləti ciddi iqtisadi resurslara malik olduğu üçün şəhid ailələləri və qazilərin problemlərini kompleks şəkildə həll edir:

“44 günlük müharibədən sonra 4700 şəhid ailəsi və Qarabağ qazisinə dövlət tərəfindən ev verilib. Jurnalistlər üçün tikilmiş binanın şəhid ailələri və Qarabağ qazilərinə verilməsini təklif etmək dövləti zəif göstərmək cəhdidir. Buna yol vermək olmaz”.

Təşkilat sədri dövlətin jurnalistlərə ev verməsinə etiraz edən adamlara da cavab verib. O qeyd edib ki, dövlət təkcə jurnalistlərə ev vermir, dövlət həm də şairlərə, yazıçılara, aktyorlara, rəssamlara, idmançılara, müğənnilərə, bəstəkarlara, alimlərə, hərbçilərə, neftçilərə, məcburi köçkünlərə, əlillərə, şəhid ailələrinə, Qarabağ qazilərinə də ev verir:

“Dövlət hər bir vətəndaşın qeydinə qalır. Lüzumsuz iddialarla dövlətin sosial layihələrini gözdən salmaq lazım deyil”,- deyə Seymur Verdizadə qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı