Üzeyir Hacıbəyovla bağlı bilinməyənlər: Yanındakı boş məzar kimindir? - MÜSAHİBƏ

Azərbaycanın ictimai xadimi, publisist, musiqişünas, bəstəkar Üzeyir Hacıbəyovun Fəxri Xiyabandakı məzarının yanında boş məzar var. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəyə qayıdan bilməyən Ceyhun Hacıbəyli ilə bağlıdır.

Metbuat.az Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru Qərənfil Dünyaminqızı ilə bu barədə söhbətləşib. Qərənfil xanım söhbətimiz əsnasında bildirdi ki, Üzeyir Hacıbəyov çox zaman mətbuatda sadəcə musiqişünas kimi təqdim edilir. Əslində, Üzeyir Hacıbəyovun publisist kimi Azərbaycan tarixində rolu böyükdür:

"Üzeyir Hacıbəyov fitri istedada, mükəmməl biliyə malik insan olub. Bəzi Üzeyir bəy tədqiqatçıları onu insanşünas adlandırır. Üzeyir bəyin insanlığı, dostluğa sədaqəti, təmənnasız xeyirxahlıqları bunu bir daha sübut edir. Üzeyir Hacıbəyov bütün ömrü boyu milləti üçün yaşayıb. Onun haqqında ilk dəfə tələbə olanda eşitmişdim. Haqqında eşitmədiklərimi isə qohumu Ramazan Xəlilovdan eşitdim. Məlumat üçün bildirim ki, Üzeyir bəyin övladı olmayıb. O, həyat yoldaşı Məleykə xanımı və öz qohumlarını himayə edib, onlara dəstək olub.

Ramazan Xəlilovu da Üzeyir Hacıbəyov uşaqlıqdan övladlığa götürüb, böyüdüb, təhsil verib. Ramazan bəy onun haqqında danışarkən qeyd edirdi ki, Üzeyir Hacıbəyov Hüseyn Cavidin ailəsinə də dəstək olub. Hətta, Hüseyn Cavidin qızı Turan Cavidlə də söhbətim zamanı o, atasının həbsindən sonra Üzeyir bəyin onların ailəsini himayəyə götürdüyünü deyib. Çünki repressiyaya məruz qoyulan şəxslərin ailələrinə zülm edirdilər.

Üzeyir Hacıbəyovu sovet höküməti heç zaman sevməyib. O da onları heç vaxt dəstəkləməyib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Üzeyir bəyin çoxlu məqalələri olub. AXC-nin süqutundan sonra isə, dövri mətbuatda məqalələrinə rast gəlinmir. Ancaq musiqi ilə bağlı məqalələri var. Söz adamının susmağı çox çətin olur, onu susmağa məcbur edirdilər. Üzeyir bəy yoldaşının yaşlı anası Məleykə xanımı, 2 dul bacısı və onların övladlarını, Mikayıl Müşfiq, Hüseyn Cavidin ailəsini himayə edirdi".

Üzeyir Hacıbəyovun vəfatından 70 il ötür

Müsahibim deyir ki, Üzeyir Hacıbəyov dövrün tələbinə görə, demək istədiklərini musiqi ilə deməyə məcbur olurdu. Sovetlər dönəmində Üzeyir bəyə qarşı ayrı bir kin var idi:

"Bir faktı qeyd edim ki, Üzeyir, Ceyhun və Zülfüqar bəy qardaşları Azərbaycan tarixində misilsiz izlər qoyub. Sovetlər bu izləri nə qədər silmək istələr də, bacarmadılar. 1905-ci ildən 1920-ci ilədək çoxlu məqalələr yazdı. Amma sovet tədqiqatlarında onun bu istiqamətində tədqiqatına, onun jurnalist kimi təqdim edilməsinə icazə verilmədi. Çünki o bütün yazılarında çəkinmədən Moskvanın ermənilərə dəstək mövqeyini göstərirdi.

1984-cü ildə Üzeyir Hacıbəyovun yaradıcılığı ilə bağlı Qulam Məmmədli kitab yazmışdı. Mən də ondan müsahibə aldım. O deyirdi ki, Üzeyir bəy çox qürurlu, məddahlıqdan uzaq bir şəxsiyyət olub. Hətta Mircəfər Bağırov da bu xasiyyətinə görə onu heç sevməyib. Onun müsavatçılıq fəaliyyətini, qardaşı Ceyhun Hacıbəylinin Fransada Azərbaycanda yenidən demokratik respublikanın qurulması üçün çalışmalarını üzünə vururdu. O, Üzeyir bəyi həmişə bolşeviklərin əlaltısına çevirməyə çalışıb".

Üzeyir Hacıbəyova olan münasibət isə 1938-ci ildən sonra qismən yumşalıb. Səbəb isə Stalinin "Koroğlu" operasını izləməyi olub:

"Qulam Məmmədli deyirdi ki, 1938-ci ildən sonra bu proseslər bir az yumşalmağa başladı. Apreldə Moskvada Stalin "Koroğlu" operasına baxıb. Tamaşa edən zaman Stalin "Koroğlu"nu çox bəyənir. Bundan sonra, Bağırov üzdə Üzeyir bəyə münasibətini dəyişdi, içində isə ona kin, paxıllıq var idi. Təəssüflər olsun ki, Bağırovun ünvanına şeirlər yazan, məddahlıq edən yazarlarımız var idi. Amma Üzeyir Hacıbəyov belə deyildi".

Üzeyir Hacıbəyovun qardaşı Ceyhun Hacıbəylinin mühacir həyatı ilə bağlı danışan Qərənfil Dünyaminqızı bildirdi ki, Üzeyir bəy ömrünün sonunadək Ceyhunun Vətənə qayıdacağına inanıb. Bu səbəbdən onun məzarında bir tərəf boş qalıb:

Üzeyir Hacıbəylinin məktubu və bolşeviklərin “tor”una düşməyən Ceyhun  Hacıbəyli

"1919-cu ildə Paris Sülh Konfransına Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə gedən nümayəndə heyətində Ceyhun Hacıbəyli də var idi. XI Qızıl ordunun daxil olması isə AXC süqut etdi, onlar isə vətənə qayıda bilmədilər. Gələnlər isə həbs olundu, sürgün olundu, güllələndi. Ramazan bəy bir dəfə bir məktub göstərdi mənə. 1922-ci ildə Üzeyir bəy və Məleykə xanım Parisə getmək istəyirlər. Əvvəla, hər dəfə guya hökumət onun getməyinə icazə versə də, getmək məqamı başlayanda bir şey çıxıb ortaya.

Üzeyir bəy bir dəfə getmək istəyəndə isə anası naxoş olur. O, Ceyhuna məktubunda bunu bildirir. Ramazan bəy qeyd etdi ki, Üzeyir Hacıbəyov hökumət buna icazə vermədiyini yaxşı bilirdi. Lakin məktubunda bunu qeyd edə bilmirdi. Bir faktı da qeyd etdi ki, Fəxri Xiyabanda Üzeyir bəyin məzarının bir tərəfində yoldaşı Məleykə xanımın məzarı var. Digər tərəfi isə boşdur, sonra Zülfüqar bəyin qəbridir. Görünür, Üzeyir bəy ömrünün sonuna kimi Ceyhunun Vətənə qayıdacağını inanıb. Bu niyyətlə yanında boş yer saxlatdırıb.

Ramazan bəy deyirdi ki, Üzeyir Hacıbəyov Ceyhunun gələcəyinə inanırdı. Bəlkə də içində həqiqəti bilirdi. Amma hər zaman onun gözü yolda idi. O deyirdi ki, Üzeyir Hacıbəyov Ceyhunu övladı kimi istəyirdi. Çünki Ceyhunu özü oxutdurmuşdu. Ömrünün sonunadək həm Ceyhunun, həm xalqının durumu onu yandırıb-yaxdı".

Qeyd edək ki, Ceyhun və Üzeyir Hacıbəyli qardaşları ömürlərinin sonunadək görüşməyiblər. Ceyhun Hacıbəyli 22 oktyabr 1962-ci ildə Parisdə dünyasını dəyişib və Sen-Klu qəbiristanlığında dəfn edilib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı