Bakı, 3 iyun, AZƏRTAC
“RİA Novosti”nin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin televiziya kanallarını əsas idman hadisələri, xüsusilə də Bakıda keçiriləcək ilk Avropa Oyunlarını kifayət qədər işıqlandırmadıqlarına görə tənqid edib.
Prezident Vladimir Putin bədən tərbiyəsi və idmanın inkişafı üzrə şuranın toplantısında çıxışında deyib: “Bu, necə ola bilər? Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov indi mənə yazılı şəkildə bildirdi ki, kütləvi informasiya vasitələrimiz, heç bir kanal Bakıda keçiriləcək birinci Avropa Oyunlarını işıqlandırmaq istəməyib”.
Prezident büdcənin hazırkı vəziyyəti ilə bağlı məhdudiyyətlərin olduğunu etiraf etsə də, tarixdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarının işıqlandırılmasının vacibliyini vurğulayıb. Rusiya Prezidenti prioritetləri müəyyən etməyin zəruriliyini bildirib.