"Ona bunun cavabını verə bilməzdim, çünki..." - Məleykə Abbaszadə qızından DANIŞDI

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qızları barədə danışıb.

Metbuat.az M.Abbaszadənin Təhsil TV-nin “İmtahan” verilişində səsləndirdiyi fikirlərin bir hissəsini təqdim edir.

DİM rəhbəri qızları Nərgiz və Nigarı eyni tərzdə, eyni qaydalara uyğun böyütdüyünü deyib:

“Onların mənim sözlərimə olan münasibəti hərdən eyni, hərdən də fərqli idi. Hərdən Nərgiz, hərdən də Nigar daha çox sözümə baxırdı. Nərgiz artıq özü anadır, onun üç uşağı var. Ona görə o özü məndən hansısa məsləhət almaq istəyəndə məsləhət verirəm. Çox şey var ki, mən özüm də Nərgizdən öyrənirəm, çünki o, tamamilə ayrı sahədə işləyir və yaxşı hüquqşünasdır. Həmişə onlara mənim təcrübəmdə olan səhvləri nəzərə alıb bu səhvləri etməməyi deyirdim. Nərgiz isə mənə deyirdi ki, adam özü səhv edəndə maraqlı təcrübə alınır. Mən də deyirdim ki, yaxşı, ixtiyar sənindir, istəyirsən özün də səhv et!”.

Dünyasını dəyişən qızı Nigarın uşaqlığı ilə bağlı xatirələrini bölüşən Məleykə Abbaszadə vurğulayıb ki, ilk dəfə ad gününü qeyd edərkən qonaqlar ona gül hədiyyəsi gətiriblər:

“Qızlarımın da həmin vaxt iki yaşı tamam olmuşdu. Onlar artıq dərk edirdilər ki, mənim ad günümdür. Qonaqlar mənə fevral ayında nərgizgülü gülü gətirmişdilər. Adətən həmin ay isti olanda nərgizgülü açırdı. Həmin gül üçün çox şad oldum. Bu zaman qızım Nərgiz çox sevindi ki, “mənim gülüm gəldi”. Çünki onun adı həmin güllə əlaqəlidir. Dedim ki, hə bu, sənin gülündür. Qonaqların hamısı gəlib, amma Nigar dəhlizdə ağlayır və otağa keçmirdi. Səbəbini soruşanda bildirdi ki, Nərgizin gülünü gətirdilər, amma mənim gülümü yox. Dedim ay Nigar, axı sənin adında gül yoxdur. Sual verdi ki, niyə? Ona bunun cavabını verə bilməzdim, çünki başa düşməyəcəkdi. Qərənfili gətirib ona verdim, “bu da sənin gülündür, adı da Nigardır” dedim. Yeniyetmə olanda da dedi ki, görürsən, Nərgizin adına gül var, amma mənim adıma yox”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı