"Gənclər ailənin nə olduğunu dərk edə bilmir" - Sosioloq TƏNQİD ETDİ

Bu ilin ilk 4 ayında Azərbaycanda boşanmaların sayı artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15065 nikah və 6920 boşanma halları qeydə alınıb.

Sosial şəbəkələrdə hüquqi yardım ilə bağlı səhifələrdə də ən çox müraciətlər boşanma qaydaları, aliment və digər bu məsələlərlə bağlıdır. Ümumiyyətlə, son illərdə ailələrdə məişət problemləri, münaqişələr də artmaqdadır.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu bu mövzu ilə bağlı fikirlərini Metbuat.az ilə bölüşdü. O bildirdi ki, problemin kökündə duran səbəb müasir dövrün tələblərinə uyğun konkret fəaliyyət proqramlarının, ailə institutunun olmamasıdır:

“Cəmiyyət günü-gündən inkişaf edir, mürəkkəbləşir, həssaslaşır. Biz isə elə istəyirik ki, 50 il bundan qabaqkı kimi ailələrimiz möhkəm olsun. Zamana uyğun ailə münasibətləri də dəyişib inkişaf etməlidir. İndi elə bir mühit yaranıb ki, qızlar və oğlanlar ailənin nəyə lazım olduğunu dərk edə bilmirlər. Elə fikirləşirlər ki, cəmiyyətdə sərbəst hərəkət etsələr, daha yaxşı olar. Buna səbəb olan faktlardan biri də bəzi QHT-lərin azadlıq, demokratiya carçısı kimi çıxışlar edib, məsələni cəmiyyətə yarımçıq izah etməsindədir.

Ailənin dəyərləri gənclərə izah edilməlidir. Bu dəyərlər min il bundan qabaq da eyni idi, 50 il qabaq da. Gənclər evlənən zaman bir-birlərinə doğma kimi baxmaq, evdə səmimi mühit yaratmaq haqqında düşünməlidirlər. Ailə kiçik dövlət sayılır. Sağlam ailə mühitində gənclər bir-birlərinin sözünü boğazdan keçirib güzəşt etmək haqqında da düşünməlidirlər. Onlar nəticədə gələcək üçün övlad tərbiyə edirlər.


Cəmiyyə dəyişdikcə ailənin funksiyaları da ona uyğun dəyişir. Biz indi gənclərin ailə mühitinin rahatlığını dərk etmək üçün yollar axtarmalıyıq. Fəlsəfədə belə bir şey var, məzmunla forma bir-birinə uyğun gəlməlidir. Cəmiyyətin məzmunu dəyişibsə, ailənin xarakteri, forması elə dəyişməlidir ki, yenə o əbədi, əzəli funksiyalarını yerinə yetirsin”.

Hazırda ailələrin uzunömürlü olmasınının taleyin ixtiyarına buraxıldığını ifadə edən sosioloq qeyd etdi ki, bu gün boşanmaların çoxalmasına səbəb də məhz bu sahədə zəruri işlərin görülməməsindən irəli gəlir:

“Bizim məmurların təəssüf ki, o işlər barədə aydın təsəvvürləri yoxdur, mütəxəssisləri də eşitmək istəmirlər. Ona görə də, qurulan ailələr dağılmaqda davam edir. Problemi həll etmək üçün ən azından 200 adam arasında sosioloji sorğu keçirmək lazımdır. Boşanma işlərinə baxan məhkəmə işçiləri, vəkilləri ilə müzakirələr edilməlidir. Xüsusən də, yaşlı nəslin ailə təcrübələrinin sirri barədə araşdırmalar aparılmalıdır. Yalnız bundan sonra biz ölkədə boşanmaların sayını azaltmaq barədə işlər görə bilərik. Əks halda vəziyyət bundan da pis olacaqdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR