Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri açıqlandı

İyulun 28-də təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri elan olunub.

Metbuat.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqəyə ümumilikdə 1 407 layihə təqdim edilib ki, bu da ötən illə müqayisədə 306 layihə (28%) daha çoxdur.

Daxil olan layihələrin 279-u ümumi təhsil müəssisələrinin, 1 128-i isə təhsilverənlərin fərdi layihələridir.

Müsabiqəyə təqdim edilən layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1 398 layihə məzmun ekspertizası mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 225 layihə qrant qazanıb. Qrant verilməsi nəzərdə tutulan layihələrin 72-si ümumi təhsil müəssisələrinin, 153-ü isə təhsilverənlərin fərdi layihələridir.

Daha çox layihəsi qrant qazanmış şəhər və rayonlara Bakı ilə yanaşı, Quba, Lənkəran, Sumqayıt, İsmayıllı, Laçın, Qax, Şirvan və Şəki aiddir.

Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib. Müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edə bilərlər.

Müsabiqə yekunlarını əks etdirən cədvəllə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.

Qrant ayrılmış layihələrin siyahısı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR