Xaçaturyanla görüş keçirildi: Azərbaycana təşəkkür etdi - FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirilib.

Metbuat.az xəbər verir ki, Ombudsman Aparatından verilən məlumata görə, Ombudsman tərəfindən Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində milli və beynəlxalq hüquq normalarının, o cümlədən BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolunun tələblərinə uyğun keçirilən növbəti başçəkmə çərçivəsində 29 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyan fərdi qaydada qəbul edilib.

Ombudsman və onun İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvlərinin, ixtisasca həkim və psixoloq ekspertlərinin də iştirak etdiyi başçəkmə zamanı qəbul edilmiş V.Xaçaturyanın müraciəti dinlənilib. O, ilkin tutulma anından ona göstərilən humanist münasibətdən, keyfiyyətli tibbi xidmətdən razılığını bildirib və səhhətində müsbət dəyişikliklər olduğunu qeyd edib. V.Xaçaturyan bütün bunlara, eyni zamanda onunla rəftara, saxlanma şəraitinə, ailəsi ilə əlaqə imkanı yaradıldığına görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti – şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, həmin şəxsə münasibətdə də heç bir fərq qoyulmadan milli qanunvericiliyə və beynəlxalq sənədlərə uyğun olaraq hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu, palatasında bədii ədəbiyyat və lazımi informasiya materiallarının olması müəyyən edilib.

Qəbul edilmiş şəxsə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dilində qanunvericilik aktları və beynəlxalq sənədlər, Ombudsmana və 916 Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim olunub.

Başçəkmə çərçivəsində qəbul edilmiş həmin şəxslə bağlı məlumatlar, video və fotoşəkillər müvafiq beynəlxalq qurumlara da göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı