Dünya ölkələrində Quran yandırılır: İslamofobia ifadə azadlığıdır?

Son zamanlarda dünyanın bir neçə ölkəsində - İsveçdə, Danimarkada Quranın yandırılması halları baş verir. Maraqlı məqam bundan ibarətdir ki, Quranın yandırıldığı ölkələrdə bu, insan azadlıqları kimi səciyyələndirilir.

Metbuat.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin müavini Hacı Fuad Nurullayev deyib ki, bu addımlar dünyada insanların inanclarına qarşı çıxmaqdır:

"Qafqaz Müsəlmanları İdarəsi bu məsələ ilə bağlı öz münasibətini kəskin səviyyədə bildirib və dünya ictimaiyyətini bu məsələyə biganə qalmamağa çağırıb. Birmənalı olaraq onu demək olar ki, Allaha inanın. Tək olan Allaha inancı olan insanların hər biri bu məsələyə biganə qalmamalıdır. Çünki bu insanların inancına qarşı çıxmaqdır.

Dünyanın nizamını, dincliyi, sülhü pozmaq istəyənlər bu məsələlərə əl atıblar çox səhv edirlər. Çünki müqəddəs Quran Tövratı, İncili - hamısını özündə birləşdirir. Dünyada insanı birliyə, vəhdətə çağıran müqəddəs kitabdır. Ona qarşı bu cür biganəlik, hörmətsizlik dünya insanlarına qarşı hörmətsizlikdir. Birmənalı olaraq istər mənim, istər dünya insanının mən düşünürəm ki, buna münasibəti mənfidir. Bir qrup insanların, siyasətbazların əməli hərəkətidir. Bu addımları biz pisləyirik".

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Quranın yandırılmasını bilavasitə insan hüquq azadlıqları ilə əlaqələndirməyin kökündən yanlış olduğunu bildirir:

"Bir insanın azadlığı digər insanın azadlığı başlayan yerdə bitir. Ona görə də, Quranın yandırılmasını azadlıqla əlaqələndirmək kökündən səhvdir. Baxın, bu günə kimi bir dənə müsəlman ölkəsində Tövrat yandırılmayıb. Amma bu gün biz dəfələrlə Qurani-Kərimin yandırıldığının şahidi oluruq. Təəssüf ki, bu məsələyə biz obyektiv düzgün yanaşmanı görmürük. Belə hallar nəzərə alınmalıdır ki, gələcəkdə dinlər məzhəblər qarşıdurmaya apara bilər. Ona görə belə məsələlərə rəvac vermək, belə məsələlərə imkan yaratmağın özü kökündən yanlışdır. Yəni bu cür addımlara, yanaşmalara, təbliğata son qoymaq lazımdır hər kəs digərinin dininə hörmət etməyi bacarmalıdır".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı