"Nicat Abasovun yarımfinaladək irəliləməsi Azərbaycan şahmatı üçün uğurlu nəticədir" - FIDE prezidenti

Dünya Kubokunun Bakıda təşkil olunmasından məmnunuq. Yüksək rəqabətli turnir keçirilir.

Metbuat.az xəbər verir ki, bu sözləri Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Bakıda keçirilən Dünya Kuboku barədə jurnalistlərə açıqlamasında deyib.

O, yarışda maraqlı, gözlənilməz nəticələr və özəl mübarizə olduğunu bildirib: “Təcrübəli və gənc şahmatçılar arasında gərgin görüşələr keçirildi. Azarkeşlər üçün də maraqlı yarış alındı. Möhtəşəm təşkilatçılığa görə, Azərbaycan Şahmat Federasiyasına təşəkkür edirəm”.

Nicat Abasovun yarımfinala qədər irəliləməsinə də toxunan A.Dvorkoviç Azərbaycan təmsilçisinin bu cür parlaq çıxışının böyük sürpriz olduğunu vurğulayıb: “O, yarımfinalda beşqat dünya çempionu Maqnus Karlsenlə də yaxşı mübarizə apardı. Fikrimcə, bu, Azərbaycan şahmatı üçün uğurlu nəticədir. Azərbaycan şahmatçılarından Teymur Rəcəbov artıq bir dəfə Dünya Kubokunu qazanıb. Nicat da gözəl mübarizə apardı. İndi də üçüncü yer uğrunda yarışacaq”.

FIDE prezidenti həlledici görüşlərin maraqlı alınacağına ümid edir: “İstənilən final görüşü maraq doğurur. Budəfəki finalda son illərin ən güclü şahmatçısı Karlsenlə Hindistanın gənc təmsilçisi Praqqnanandxa üz-üzə gələcəklər. Bu dəfə də təcrübə ilə istedad qarşılaşacaq. İstənilən sürprizlə qarşılaşa bilərik. Finalla bağlı proqnoz vermək çətindir. İddiaçılar Turnirində Hindistan şahmatçısının iştirak etməsi onlar üçün maraqlı olacaq. Həmçinin Fabiano Karuana ilə Nicat Abasov arasında keçiriləcək üçüncü yer uğrunda görüş də bu baxımdan böyük önəm kəsb edəcək”.

O, Maqnus Karlsenin İddiaçılar Turnirində iştirak edib-etməyəcəyi ilə bağlı hansı qərarı verəcəyinin hələ məlum olmadığını əlavə edib: “Yəni, heç kimin İddiaçılar Turnirində yeri təmin olunmayıb. Bu üzdən gərgin mübarizə izləyəcəyik. Karlsenin istənilən qərarına hörmətlə yanaşacağıq. Bizim üçün azarkeşlərin marağı hər şeydən önəmlidir. İddiaçılar Turniri ilə bağlı hələlik nəsə demək doğru olmaz. Bir nəfərə görə formatı dəyişə bilmərik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı