Ukraynanın yeni müdafiə naziri türk oldu - DOSYE

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Rüstəm Umerov ölkənin Müdafiə naziri təyin edib.

Metbuat.az onun dosyesini təqdim edir:

Rüstəm Umerov Krım tatar türküdür. O, 1982-ci il aprelin 19-da Özbəkistanın Səmərqənd vilayətinin Bulqur şəhərində Aluştadan olan mühacir ailəsində anadan olub. Etnik olaraq Krım tatar türkü olan Umerov Kiyev Milli İdarəetmə Akademiyasında İqtisadiyyat üzrə bakalavr və Maliyyə üzrə magistr dərəcəsi alıb.

O, karyerasına 2000-ci illərin əvvəllərində sonradan Turkcell tərəfindən satın alınan Ukraynanın mobil telefon operatoru Lifecell-də başlayıb və 2003-2007-ci illərdə GSM/TDMA şəbəkəsinin inkişafı departamentində saytın idarə edilməsi və hüquqi dəstək şöbəsinin müdiri vəzifəsində çalışıb.

2007-2010-cu illər arasında satınalma, logistika və müqavilələrin idarə edilməsi departamentinə rəhbərlik edən Umerov 2010-cu ildə Lifecell-də satış və müştəri əlaqələri üzrə məsul olub və eyni ildə baş menecer kimi ICG Investments-ə keçib. Umerov 2011-ci ildə iCapital-da eyni vəzifəni tutub.

Umerov 2013-cü ildə ASTEM investisiya şirkəti və ASTEM Fondunu təsis edib. Fond Stanford Universitetində Ukrayna Yeni Liderlər Proqramını maliyyələşdirib. ASTEM rabitə, informasiya texnologiyaları və infrastruktur investisiyalarını idarə edir.

2019-cu ildən "Holos” (Səs) Partiyasından Ukraynanın xalq deputatı olan Umerov 2022-ci ilin sentyabrında Ukrayna parlamenti tərəfindən Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri təyin edilib.

Ukraynanın Ərəb və müsəlman dövlətləri ilə qarşılıqlı əlaqələr üzrə Prezident yanında Məşvərət Şurasının komissarı Umerov 2022-ci ilin fevralından Ukraynanın Rusiya ilə danışıqlar qrupunda təmsil olunur.

2020-ci ildə Umerov Milli Təhlükəsizlik və Müdafiə Şurası çərçivəsində "Krımın və Sevastopolun işğaldan azad edilməsi üzrə dövlət strategiyası”nın hazırlanması üzrə qrupa qoşulub.

2022-ci ilin iyulunda Umerov hərbi vəziyyət zamanı beynəlxalq logistik yardımın alınmasına və istifadəsinə nəzarət etmək üçün Müvəqqəti Təhqiqat Komissiyasının sədri seçilib.

2021-ci ildə 3-cü dərəcəli Ukrayna "Xidmətlərə görə” ordeni ilə təltif edilən Umerov evlidir və üç övladı var.

Umerov əvvəllər Rusiyada ekstremist təşkilat kimi fəaliyyəti qadağan edilmiş Krım Tatar Milli Məclisinin sədri Mustafa Cəmiloğlunun müşaviri olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı