Kirayə mənzil bazarında qıtlıq - Tələbələr ev tapa bilmirlər

Yeni tədris ilinin başlanması ilə əlaqədar tələbələrin Bakıya axını başlayıb.

Metbuat.az xəbər verir ki, hazırda kirayə mənzil bazarında yaşanan vəziyyət onlara çətinlik yaradır. Valideynlər bildirirlər ki, bundan əvvəl 300-400 manata kirayə evlər tapmaq olurdusa, hazırda həmin bazarda qıtlıq yaranıb, həm də qiymətlər olduqca bahadır.

Qısa araşdırmamız zamanı bəlli oldu ki, xüsusilə metrolara yaxın və tələbə axınının çox olduğu universitetlərin yerləşdiyi ərazilərdə normal şəraitdə olan birotaqlı evlərin qiyməti 400-500 manatdan, ikiotaqlı evlər isə 600 manatdan başlayır. Köhnə tikili binalarda isə nisbətən ucuz kirayə mənzillərə rast gəlmək mümkündür. Bu zaman qiymətlər 350-400 manatdan başlaya bilir. Metro stansiyalarından nisbətə uzaq ərazilərdə də eyni qiymətlər özünü göstərir.

Məsələ ilə bağlı saytımıza danışan əmlak eksperti Elnur Azadov bildirdi ki, bu proses hər il baş verir, avqust-sentyabr aylarında kirayə evlərin qiyməti artır:

"Hər il olduğu kimi, bu il də tədris ili ilə bağlı bazarda eyni hal baş verir. Xüsusilə, şəhər daxilində bütün ərazilərdə kirayə mənzillərin ciddi qıtlığı yaşanır. Əvvəlki illərdə qəbul alan rayonda yaşayan tələbələr daha ayıq davranıb öncədən ev tapa bilirlər. Universitetlərə yeni qəbul olmuş tələbələr isə ev tapmaqda çətinlik çəkirlər. Bu, Bakı, Gəncə, Sumqayıt kimi şəhərlərdə yaşanır. Bakıda, şəhər daxilində mənzil tapmaq demək olar ki, mümkün deyil".

Ekspert bildirib ki, hazırda 500 manata kimi olan evlərdə ciddi qıtlıq yaşanır:

"Tendensiya hər il olduğu kimi avqust, sentyabr aylarında olur. Qiymətlər 20-25%-ə qalxır. Mənzil təklifi sıfıra enir. Bir çox istehlakçılar, daha çox tələbələr şəhərin kənar qəsəbələrinə getməyə məcbur olurlar".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR