Roma statutu, ABŞ ilə birgə təlimlər - Ermənistan Moskvaya meydan oxuyur?

Son günlər Ermənistanın Qərb yönümlü siyasəti Rusiyanın narazılığına səbəb olub. Belə ki, sentyabrın 3-də Ermənistanın Baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica”ya müsahibəsində Rusiya-Ermənistan münasibətlərindən söz açıb:

"Rusiyalı tərəfdaşlar tez-tez Qərb ölkələrinin Ermənistan hakimiyyətini Rusiyanı regiondan sıxışdırıb çıxartmağa sövq etdiyini deyirlər. Tarixdə Rusiyanın Cənubi Qafqazı tərk etməsi nümunələri olub. Eyni ssenarinin təkrarlana biləcəyi fikrini doğuran proseslər var. Oyanıb görə bilərik ki, Rusiya Federasiyası artıq regionda deyil... Biz rusiyalı tərəfdaşlarımıza deyirik ki, Rusiya müəyyən addımlar atsa da, atmasa da, bölgəni tərk edir. Bilmirik hansı səbəbdən. Biz ancaq ehtimal edə bilərik. Amma deyə bilərəm ki, bu, bizi narahat edir".

Paşinyanın bu fikirlərinə Kremldən də cavab gecikməyib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Cənubi Qafqaz regionunun ayrılmaz hissəsidir. Ona görə də, heç yerə gedə bilmir:

"Rusiya Ermənistanı tərk edə bilməz. Unutmayaq ki, Rusiyada yaşayan ermənilər Ermənistanın özündən də çoxdur. Onların əksəriyyəti Rusiyanın tamamilə nümunəvi və vətənpərvər vətəndaşlarıdır".

Bundan başqa, Ermənistan hökuməti Roma statunu ratifikasiya üçün parlamentə göndərib. Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hökumətindən buna görə izahat istəyib.

Rusiya tərəfinin narazılığına səbəb olan digər bir addım isə Ermənistan-ABŞ təlimləri ilə bağlıdır. Belə ki, rəsmi İrəvan sentyabrın 11-dən 20-dək beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində erməni-amerikan hərbi təlimləri keçiriləcəyini açıqlayıb. Bundan sonra isə Rusiya tərəfindən ard-arda açıqlamalar gəlib. Kremlin sözçüsü Dmitri Peskov Moskvanın bu təlimləri diqqətlə izlədiyini qeyd edib:

"Ermənistan və ABŞ-nin təlimləri regionda vəziyyətin sabitləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə vermir".

Bütün bunların fonunda Ermənistan və Rusiya münasibətləri nə ilə nəticələnəcək?

Metbuat.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, təlimdən əvvəl Ermənistanın KTMT-dəki nümayəndəsi Viktor Biyaqovu geri çağırması və onu Ermənistanın Hollandiyadakı səfiri təyin etməsi təsadüf deyil:

"Bir məqamı qeyd edim ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin axtarışda olduğu Hollandiyada yerləşir. Ermənistanın Roma Əsasnaməsinin ratifikasiyasında əsas məqsədi Putinin ölkəyə girişinə qadağa qoymaqdan çox, Azərbaycanın guya "hərbi cinayətlərinə qarşı mübarizə aparmaq üçün hüquqi əsaslar yaratmaq"dır.

Başqa bir məsələ də budur ki, Moskva bunu ona qarşı bir aksiya kimi qələmə vermək qərarına gəlib. Əminəm ki, Ermənistan artıq KTMT-yə yeni səfir təyin etməyəcək. Bu, Ermənistanın KTMT-də iştirakının azalmasıdır. Üstəlik, aylar əvvəl Ermənistan Belarusda planlaşdırılan KTMT hərbi təlimlərində iştirakdan, erməni tərəfi də Ermənistanda KTMT hərbi təlimlərinə ev sahibliyi etməkdən imtina edib.

Deyəsən, Ermənistan 2024-cü ildə ABŞ-nin təşkil etdiyi, 2023-cü ildə Avropanın 10 ölkəsinin ərazisində keçirilən "Defender23" hərbi təlimində iştirak etməyi düşünür. Hələ aprel ayında ABŞ-nin Müdafiə Nazirliyi əvvəlcə Ermənistanın adının hərbi təliminin iştirakçıları siyahısına daxil etmişdi, lakin sonradan bu ad çıxarılmışdı. Düşünmək olar ki, o zaman Ermənistanın da təlimlərdə iştirak edəcəyi ilə bağlı ilkin müzakirələr gedirdi. Lakin Rusiya Ermənistana qarşı təsirli mexanizmlər tapdığından Ermənistan hakimiyyəti çəkinməyə çalışıb".

Onun sözlərinə görə, Ermənistanın addımları göstərir ki, Ermənistan Rusiya və Belarusla birlikdə olmaq istəmir, əvəzində Qərbə meyl edir:

"Ermənistan KTMT-nin təşkil etdiyi hərbi təlimlərdə iştirakını ləğv edir, KTMT-də iştirakını boykot edir, Qərblə əməkdaşlıq formaları yaratmağa can atır. Vurğulamaq lazımdır ki, Avropa İttifaqı artıq Ermənistanda Avropa Müşahidə Missiyası olan təhlükəsizlik komponenti ilə təmsil olunur. Əsas sirr də burdadır ki, istənilən an onun profili, mənası dəyişdirilə və ya hərbi komponent ala bilər. Məncə, indiki mərhələdə biz bunu görə biləcəyik".

Hərbi ekspert Ramil Məmmədli qeyd edib ki, Ermənistanın son illərdə Qərblə, NATO ilə əməkdaşlığı regionda bəzi məsələlərin genişlənməsinə səbəb olub. Sözügedən təlimlər isə Rusiya və İran üçün qənaətbəxş deyil:

"Sarkisyanın dövründə Ermənistan NATO və Amerika ilə əməkdaşlığı genişləndirməyə başlayıb. Ermənistanın ABŞ ilə təlimləri region, xüsusilə Rusiya və İran üçün heç də qənaətbəxş hesab edilə bilməz. Ermənistan Vətən müharibəsindən sonra regionda hərbi balansın dəyişdirilməsi üçün çox ciddi addımlar atdı. Qərbin bir sıra strukturlarının sözdə humanitar, əslində, kəşfiyyat strukturlarının Ermənistanda yerləşdirilməsinə səbəb oldu. Nikol Paşinyanın hakimiyyəti bu addımı ilə regionda stabilliyin daha da gərginləşməsinə "töhfə" verdi".

Ekspertin sözlərinə görə, Ermənistanın Rusiyanın düşməni olan ABŞ-la təlimi rəsmi Moskva tərəfindən birmənalı qarşılanmayacaq:

"Nəzərə alaq ki, Rusiya ilə ABŞ arasında münasibətlərin hərbi müstəvidə gərginləşməsi göz qabağındadır. Ukrayna müharibəsi bu prosesin pik nöqtədə olduğunun bariz nümunəsidir. Hesab edirəm ki, Azərbaycan da bu vəziyyətdən istifadə etməlidir. Rusiya - Ermənistan münasibətlərinin gərginləşməsi Azərbaycan bölgədə Rusiyanın strateji tərəfdarı kimi öz xeyrinə bir sıra addımları reallaşdıra bilər".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı