Kreml İrəvanda hakimiyyəti bu yolla devirəcək - YENİ İDDİA

Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətinin sabiq rəhbəri Yevgeni Priqojinin ölümündən əvvəl Ermənistanda 3000-ə yaxın “vaqnerçi” olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın hökumətyönümlü “Baqramyan 26” teleqram kanalı məlumat yayıb. Qeyd olunub ki, yaxın vaxtlarda onlara (əsasən Rostovdan) 2000-ə yaxın müqaviləli əsgər (əsasən etnik ermənilər) qoşulub.

Teleqram kanalının yazdığına görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanı strateji tərəfdaş kimi seçməyin səhv olması və Rusiya rəhbərliyini Qarabağ məsələsində razılaşmalara əməl etməməkdə ittiham etməsi ilə bağlı son açıqlamalarını nəzərə alaraq, Kreml Ermənistanda dövlət çevrilişi ssenarisinə razılıq verib.

Kremlin planına görə, əsas məqsəd ölkədə mövcud olan “Vaqner” döyüşçülərindən istifadə edərək Paşinyan və onun komandasını hakimiyyətdən uzaqlaşdırmaqdır. Həmçinin əlavə olunub ki, Rusiya Prezidenti Vladimir Putin üçün “son damla” erməni-amerikan hərbçilərinin birgə təlimləri olub.

Məlumata əsasən, hazırda Ermənistanda “vaqnerçi”lərin sayı 12 min nəfər çatıb və onlara srağagün hərəkətə keçmək əmri verilib. Rusiya, əsasən xeyli agentlərinin olduğu Ermənistan ordusunun, kəşfiyyat xidmətlərinin və polisinin yüksək rəhbərliyinə arxalanır, çünki orta və aşağı səviyyələrdə Rusiyaya dəstək çox zəifdir.

O da qeyd edilib ki, hazırda Paşinyanı əvəz etmək üçün Rusiyanın layiqli namizədləri yoxdur. Həm də İrəvan və onun ətrafında çoxsaylı hərbi birləşmələrin mövcudluğu Paşinyanı devirmək məsələsində uğur ehtimalını xeyli dərəcədə azaldır. Bununla belə, əsas diqqət Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı təmas xəttində və iki ölkənin sərhədində sabitliyin pozulmasına yönəldilir.

Prosesin davamı olaraq isə İrəvan şəhərinin meri vəzifəsinə rusiyayönlü şəxslərin (Mane Tandilyan - Ruben Vardanyanın namizədi, Ayk Marutyan - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin namizədi, Andranik Tevanyan - ikinci Prezident, "Ermənistan” fraksiyasının lideri Robert Köçəryanın namizədi) namizədliyi irəli sürüləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR