Azərbaycanda yeni komitə yaradıldı

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclasında "Vəkillərin peşə hüquqlarının müdafiəsi komitəsi”nin Əsasnaməsinin layihəsi müzakirə edilib.

Kollegiyanın mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, iclasda əvvəl Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü İlhamə Həsənova məruzə edərək Əsasnamənin müddəalarını Rəyasət Heyətinin üzvlərinin diqqətinə çatdırıb.

Müzakirə olunan əsasnamədə komitənin yaradılma məqsədi, fəaliyyət istiqamətləri, səlahiyyətləri, strukturu və s. məsələlər öz əksini tapıb.

Əsasnaməyə görə, komitə 9 üzvdən ibarət olacaq.

Nəzərə çatdırılıb ki, "Vəkillərin peşə hüquqlarının müdafiəsi komitəsi” peşə fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı vəkillərin hüquqlarının müdafiəsinə dair tədbirlər görəcək, müraciətləri araşdıracaq, təklif və tövsiyələr hazırlayacaq.

Müzakirəyə çıxarılan Əsasnamə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən yekdilliklə qəbul olunub. Rəyasət Heyətinin üzvləri - İlhamə Həsənova ilə Ramiz İbrahimov Komitəyə həmsədr seçiliblər.

Kollegiyanın sədri Anar Bağırov çıxışında "Vəkillərin peşə hüquqlarının müdafiəsi komitəsi”nin yaradılmasını müsbət qiymətləndirib, Komitənin işinin təşkili istiqamətində zəruri əməli tədbirlərin görüləcəyini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı