"Dördlü görüş perspektivi Paşinyanı çox qorxudur" - Politoloq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Ermənistan liderləri üçün təşkil edilən danışıqlar masasına dair yeni təklif verib. Ərdoğan təklif edib ki, danışıqlarda Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan iştirak etsin:

"İndi təbii ki, üçtərəfli görüş təklifimizi onlara çatdırmışıq. Amma bu məsələdə biz üçlü yox, dördlü təklif etdik. Yəni bu yerlərə heç bir aidiyyəti olmayan liderlərlə deyil, Rusiya lideri cənab Putinlə, Azərbaycan Prezidenti cənab Əliyevlə, mənim və hazırda məsələ ilə məşğul olan Ermənistanın baş naziri Paşinyanla dördlük olaraq belə bir görüş keçirək. Elə təklif verdik ki, addımı da ona uyğun ataq. Hələlik heç bir müsbət və ya mənfi rəy almamışıq. Biz cənab Əliyevlə bu məsələni daha sonra müzakirə edəcəyik və hadisələri yaxından izləyəcəyik".

Ermənistanın baş naziri Nikol Paşinyan danışıqlarla bağlı təkliflərin olduğunu deyib.

Metbuat.az-a danışan politoloq Elxan Şahinoğlu hesab edir ki, Putin bu təklifə qarşı çıxmayacaq. Çünki Rusiya Amerika Birləşmiş Ştatlarını bölgədən uzaq tutmaq istəyir:

"Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Rusiya və Ermənistana liderlər səviyyəsində dördtərəfli görüş keçirmək təklifi bölgədə sülhə və əməkdaşlığa xidmət edir. Rusiya prezidenti Vladimir Putinin bu təklifə qarşı çıxacağını zənn etmirəm. Putin üçün əsas olan ABŞ-la Avropa İttifaqını Ermənistandan və bölgədən uzaq tutmaqdır. Əlbəttə, Kreml Türkiyənin Cənubi Qafqazdakı fəallığından, Azərbaycanla strateji müttəfiqliyindən məmnun deyil. Ancaq Putin ABŞ-la Türkiyə arasındakı seçimdə şübhəsiz ikinciyə üstünlük verər".

O bildirib ki, problem Ermənistanın baş naziri Nikol Paşinyanla bağlıdır. Çünki masada bir tərəfində Rusiya, digər tərəfində isə Türkiyə oturacaq:

"Ərdoğan dördlü görüş təklifini telefon söhbətində Paşinyana bildirib. Nikol Paşinyan son bir ildə Fransa prezidenti Emmanuel Makronun iştirakı olmadan Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərdən çəkinir. Dördlü görüş perspektivi Paşinyanı daha çox qorxudur, çünki masanın bir tərəfində ermənilərin illərdir düşmən gözüylə baxdıqları Türkiyənin lideri, digər tərəfində də münasibətlərini pozmağa başladığı Rusiya prezidenti oturacaq. Vaşinqtonla Paris də dördlü görüş təklifindən məmnun qalmadıqlarından görüşün reallaşmaması üçün Paşinyana təzyiq edəcəklər".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR