“Regional İnkişaf” İctimai Birliyi tərəfindən Azad Mirzəcanzadə inkişaf proqramına start verildi

Ölkəmizdə yeni təşəbbüs olan proqram elmi əsərləri, təşkilati, pedaqoji fəaliyyəti, unikal tədris üslubu, həmçinin insanların istedadını aşkara çıxarmaq bacarığı ilə fərqlənən görkəmli alimin elmi, ictimai proseslərə özünəməxsus yanaşmaları əsasında həyata keçirilir.

Metbuat.az bildirir ki, proqram paytaxt və regionları əhatə etməklə yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək verilməsi məqsədi daşıyır.

Proqrama müraciət edənlərin təqdim etdikləri layihə ideyaları işçi qrupu tərəfindən qiymətləndiriləcək, aktuallığı, reallığı, innovativliyi və yenilikçi olması ilə seçilən ideyaların müəllifləri 2-ci mərhələdə iştirak imkanı qazanacaqlar. Bu mərhələdə iştirakçılara layihələrin hazırlanması və təqdimatı istiqamətində peşəkar dəstək veriləcək, həmçinin onların liderlik bacarıqlarının inkişafı üçün müxtəlif fəaliyyətlər təşkil olunacaq. Sonda qalib olan layihələrin icrası üçün maliyyə vəsaiti ayrılacaq.

Proqrama qoşulmaq istəyənlər https://bitly.ws/VVKj link vasitəsilə qeydiyyatdan keçərək, anket formasını doldurmalıdır.

18-35 yaşarası hər bir Azərbaycan vətəndaşı proqramda iştirak üçün müraciət edə bilər. Layihə ideyalarının Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim olunması mümkündür.

Qeydiyyat 2023-cü ilin 25 oktyabr tarixinədək davam edəcək.

Əlavə məlumat üçün “Regional İnkişaf” İctimai Birliyinin 150 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd edək ki, texniki elmlər doktoru, professor və Azərbaycanın Milli Elmlər Akademiyasının həqiqi üzvü olmuş Azad Mirzəcanzadə 500-ə yaxın elmi məqalə və 50-dən çox ixtiranın müəllifidir. Onun rəhbərliyi altında 250-dən çox fəlsəfə və 100-dən çox elmlər doktoru hazırlanmışdır. Müxtəlif elmi ad və titullara sahib olan görkəmli alim, Azərbay­­can Respublikasının “İstiqlal” ordeni ilə təltif olunmuşdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR