Vəkillər Kollegiyasının rəhbərliyi yeni hakim təyin edilən vəkillərlə görüşüb - FOTO

Oktyabr ayının 20-də "De Fendo" Vəkil Bürosunda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi ilə hakim vəzifəsinə yeni təyin edilmiş vəkillər arasında görüş keçirilib.

Metbuat.az xəbər verir ki, görüş zamanı ARVK-nın sədri Anar Bağırov yeni təyin olunan hakimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sədr bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. O, hakim təyin olunan vəkillərin öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına töhfə verəcəklərinə əminliyini dilə gətirib.

Prezidentin 11 oktyabr 2023 tarixli Sərəncamı ilə təyin edilən 32 nəfərdən məhz 7 nəfəri, yəni 22 faizi Vəkillər Kollegiyasının üzvü olduğunu vurğulayan A.Bağırov deyib ki, bu, çox yüksək göstəricidir. Eyni zamanda bu onu göstərir ki, hazırda vəkillik əslində digər sahələr üçün, o cümlədən məhkəmə hakimiyyəti üçün kadr bankına çevrilib.

Diqqətə çatdırılıb ki, vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilmiş müsabiqədə yüksək bilik nümayiş etdirmiş ARVK-nın 7 üzvü - Əfəndizadə Tural Qurbanəli oğlu Şəki Ağır Cinayətlər Məhkəməsinə, Əliyeva Leyla Kamil qızı Gəncə İnzibati Məhkəməsinə, İsmayılov Samir Bəyistan oğlu Sumqayıt Şəhər Məhkəməsinə, Quliyeva Güləndam Gündüz qızı Mingəçevir Şəhər Məhkəməsinə, Mirzəfərova Könül Murtuz qızı Şabran Rayon Məhkəməsinə, Musayeva Vüsalə Vahid qızı - Nəsimi Rayon Məhkəməsinə və Rzayeva Fəridə İslam qızı isə Suraxanı Rayon Məhkəməsinə Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2023 tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunublar.

Görüşdə Kollegiyanın üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov çıxış edərək yeni təyin olunan hakimlərə fəaliyyətlərində qanunun aliliyini rəhbər tutmalarını, süründürməçiliyə və digər neqativ hallara yol verməmələrini tövsiyə edib.

Daha sonra A.Bağırov hakim vəzifəsinə təyin edilən şəxslərə Kollegiyanın Rəyasət Heyətinin qərarına əsasən, onların təltif olunduğu Fəxri Fərmanları təqdim edib.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR