"B-04" metrostansiyasının hazır olacağı tarix AÇIQLANDI

"B-04" metrostansiyası 2025-ci ilin birinci yarısında hazır olacaq.

Metbuat.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin tikinti departamentinin baş mütəxəssisi Vəli Musayev deyib.

Onun sözlərinə görə, stansiyanın sərnişin platforması inşa olunub, stansiya yol infrastrukturunun qurulmasına başlanılıb: "Bənövşəyi xəttin layihə adı "B-04" olan stansiyasında daha bir səviyyədə qazıntı işləri tamamlanıb".

O qeyd edib ki, müvafiq layihə və texnoloji proseslərin ardıcıllığı əsasında qazıntı hər səviyyədə üç zonaya bölünərək aparılıb: "Bu səbəbdən qazıntıya paralel olaraq, tikinti-quraşdırma işləri də təmin edilib. Ümumiyyətlə, metropolitenin istifadəyə veriləcək 28-ci, Bənövşəyi xəttin isə 5-ci stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə - Cəlil Məmmədquluzadə küçəsində yerləşir. Burada qazıntı əvvəlki iki stansiyada olduğu kimi "Qruntda divar" üsulu ilə aparılıb. Bu üsulun əsas xüsusiyyəti ondan ibarətdir ki, tikinti sahəsi divarları bentonit məhlulu ilə möhkəmləndirilmış ensiz və dərin xəndəklərlə əhatə edilir. Qazıntı və tikinti-quraşdırma yuxarıdan aşağıya olmaqla yerinə yetirilir. Üsulun üstünlükləri sırasında ekoloji cəhətdən daha səmərəli olması və yaşayış sahəsinin xüsusiyyətlərinə uyğunluğu qeyd edilə bilər. Həmçinin "Qruntda divar" inşaatın məhdud məkanda effektiv aparılmasına imkan verir, material və işçi qüvvəsi baxımından qənaətcil, istifadə olunan konstruksiyaları daha etibarlıdır. Yaşayış sahələrində dərin özüllü yeraltı qurğuların tikintisində bu üsul ərtaf binalar üçün heç bir təhlükə yaratmır”.

V. Musayev bildirib ki, inşaat kompleksinin ümumi uzunluğu 167,7 metr olan "B-04" stansiyası 4 səviyyədən ibarətdir: “Dəmir-beton işləri sonuncu - dördüncü səviyyədə davam edir. Sərnişinlərin stansiyaya qəbul ediləcəyi vestibül və kassa zalı ən yuxarı - birinci mərtəbədə olacaq. Zalı sərnişin platformasının yerləşdiyi 4-cü səviyyə ilə 19 eskalator, pilləkənlər və 3 lift birləşdirəcək. Amma bu arada daha 2 səviyyə var. Onlardan biri keçid səviyyəsi adlanır. Gələcəkdə buradan Sarı xəttin 6-cı stansiyasına keçid inşa olunacaq. 3-cü səviyyəyə "orta" mənasını verən "mezonin" deyilir. Bura texniki mərtəbədir. Xidməti otaqlar, 4 havalandırma kamerası və stansiyanın işini təmin edən digər funksional avadanlıqlar burada yerləşdiriləcək. Hər 3 səviyyədə fundamental tikinti işləri başa çatıb. Birinci səviyyədə 4 sərnişin keçidinin yerləşəcəyi ərazilərdə isə tədbirlərə tam hazırlıq görülüb. Bununla əlaqədar maşın və mexanizmlər, avadanlıq və material təchizat işləri yekunlaşdırılıb. Ərazidə yaşıllıq və yeraltı kommunikasiyaların yerinin dəyişdirilməsi ilə bağlı məsələlərin həlli istiqamətində də hazırda tədbirlər görülür. Keçidlərin layihələri ekspertiza komissiyasında təsdiq edildikdən sonra işlərə başlanılacaq".

O qeyd edib ki, stansiyanın bütün səviyyələrini əhatə edən xidməti pilləkən tam inşa edilib:" Sərnişinlərin istifadə edəcəyi pilləkənlər qismən, qəza-çıxış pilləkənləri isə hazırda müvafiq konstruksiyaları yığılmaqla mərhələli şəkildə inşa olunur. Birinci səviyyədə xidməti otaqların və müvafiq arakəsmələrin tikilməsi, habelə eskalatorların quraşdırılacağı yerlərin qurulması isə növbəti mərhələdə yerinə yetiriləcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı