Balakəndə anasını öldürdü, şərti cəza verildi - TƏFƏRRÜAT

Şəki Ağır Cinayətlər Məhkəməsində Balakən rayonunda anası Məlahət Qarayevanı ehtiyatsızlıqdan avtomobillə vurub öldürməkdə təqsirləndirilən Aygün Qarayevaya hökm oxunub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rafail Əliyevin sədrlik etdiyi iclasda A.Qarayeva 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzası 2 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəzlənib.

A.Qarayeva eyni zamanda üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin martın 1-də Baləkən rayonunun Talalar kəndində baş verib. İttiham aktına əsasən, A.Qarayeva “Niva” markalı minik avtomobilini idarə edərkən ehtiyatsızlıqdan evin pilləkənində oturan anası, 59 yaşlı Məlahət Qarayevanı vurub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan qadına Balakən rayon Mərkəzi Xəstəxanasında ilkin yardım edilib, lakin vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə göndərilib.

M.Qarayeva hadisə baş verdikdən 17 gün sonra müalicə aldığı xəstəxanada vəfat edib.

A.Qarayevaya qarşı cinayət məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı