Azərbaycanlı yazıçının xatirəsi Niderlandda yad edildi (FOTO)

Azərbaycanlı yazıçının xatirəsi Niderlandda yad edildi (FOTO)
16:53 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlkin İzzət/

Niderlandda yaşayan azərbaycanlı qadınlar Gülşən Lətifxanın (Gülşən Lətif qızı Kazımova-Atəş) xatirəsini yad ediblar.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin yaradıcısı və fəxri sədri olmuş, yazıçı-tərcüməçi, hüquqşünas G.Lətifxanın xatirə gecəsi keçirilib. Qadınlar Birliyinin təşkil etdiyi mərasimə Niderland Krallığının müxtəlif şəhər və əyalətlərində fəaliyyət göstərən ictimai qurumların qadın rəhbərləri, nümayəndələri qatılıb.

G.Lətifxanın həyat və yaradıcılığına nəzər salan “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva onun diaspor fəaliyyətindən geniş bəhs edib. M.Ağamirzəyeva Hollandiyada hüquq təhsili almış G.Lətifxanın bu ölkədə yaşayan soydaşlarımızın bütün hüquqi problemlərinin həllinə yardım etdiyini xatırladıb. Xüsusilə qadınların cəmiyyətdə rolunun artırılmasına önəm verən G.Lətifxan 2004-cü ildə Hollandiyadakı azərbaycanlı qadınları ətrafına toplayaraq “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyini yaradıb və uğurlu layihələrə imza atıb. M.Ağamirzəyeva Gülşən xanımın etibarını doğruldacaqlarına, daha böyük işlərə imza atmaqla onun ruhunu şad edəcəklərinə inandığını deyib.

Daha sonra həyatının son dəqiqələrinədək G.Lətifxanın yanında olmuş jurnalist Elnaz Sangin öz xatirələrini paylaşıb. G.Lətifaxnın iradəli və mətin qadın olduğunu vurğulayan E.Sangin onun son anlarınadək optimist ruhunu qoruduğunu söyləyib.

Hollandiyanın Maastrixt şəhərində fəaliyyət göstərən “Vahid, Bölünməz və Demokratik Azərbaycan uğrunda Birlik” təşkilatın rəhbəri İradə Uluxanlı G.Lətifxanın ictimai fəaliyyətindən, digər diaspor təşkilatları ilə əməkdaşılığı və onlarına həyata keçirdiyi layihələrə dəstək göstərməsindən bəhs edib.

Mərasimdə iştirak edənlər G.Lətifxan haqqında xatirələrini bölüşüb.

Qeyd edək ki, 20 ildən çox Niderlandda yaşamış Azərbaycan diasporunun fəal nümayəndəsi, yazıçı Gülşən Lətif qızı Kazımova-Atəş yanvarın 11-də Haaqada dünyasını dəyişib, yanvarın 13-də isə Azərbaycana gətirilərək Xırdalan şəhərində dəfn olunub. 54 yaşlı G.Lətifxan Azərbaycan Yazıçılar Birliyinin və Niderland Yazıçılar İttifaqının üzvü olub. Hollandiyada tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı ölkə ictimaiyyəti və mətbuatında tanınıb. O, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük xidmətlər göstərib.

Gülşən Lətif qızı Kazımova-Atəş Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2011-ci il iyulun 4-də mədəniyyət sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə gorə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işcisi” fəxri adına layiq görülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR