Halal dərmanlar necə istehsal olunacaq? - "Heç halal qidanı tənzimləyə bilmirlər..."

Xəbər verdiyimiz kimi, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən halal dərman vasitələrinə dair dövlət standartı qəbul edilib. Bildirilib ki, bu standart İslam Qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir və bu sahədə ixtisaslaşan təşkilatların istifadəsi nəzərdə tutulur.

Halal dərman vasitəsi nədir və bu standartın əhəmiyyəti nədən ibarətdir?

Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq Azərbaycan Standartlaşdırma İnstitutundan bildirdilər ki, halal dərman vasitələri “Halal dərman vasitələri – 1-ci hissə – ümumi tələblər” dövlət standartına cavab verməli və həmin standarta uyğunluğu təsdiqləyən sertifikatı olan dərman vasitəsidir:

“Halal dərman vasitələri tərkibində İslam qaydalarına uyğun olaraq icazə verilən inqrediyentləri olan əczaçılıq məhsullarıdır. Yəni bu növ dərmanlarda insan və ya heyvan mənşəli qan, haram hesab edilən heyvan mənşəli, eyni zamanda digər halal olmayan komponentlərdən istifadə olunmur.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS OIC/SMIIC 50-1:2023 “Halal dərman vasitələri – 1-ci hissə – ümumi tələblər” dövlət standartı qəbul edilib. Standart İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən hazırlanıb və Azərbaycanda daxil olmaqla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə standartın autentik tərcüməsi əsasında milli standart kimi qəbul olunub. Bu standart İslam Qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyən edir. Bu standartın bütün tələbləri ümumi xarakter daşıyır, ölçüsündən və mürəkkəbliyindən asılı olmayaraq dərman vasitələrinin istehsalında iştirak edən bütün təşkilatlar tərəfindən istifadəsini nəzərdə tutur".

Azərbaycan Standartlaşdırma İnstitutu qeyd edir ki, standart, halal dərman məhsulları üzrə halal statusunun qorunub saxlanılmasını təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək. Həmçinin açıqlamada vurğulandı ki, AZSTAND-ın SMİİC-də üzvlüyü 2023-cü ilin avqustunda təsdiqlənib və AZSTAND-ın əməkdaşları qurumun müvafiq texniki komitələrinə üzv olub.

Halal dərman standartı ilə bağlı Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında bildirdi ki, burada çoxsaylı amillər nəzərə alınmalıdır:

“Dərmanların içərisində çoxsaylı əlavələr, qatqılar var. Heç halal qidanın standartı mükəmməl deyil. Mən səkkiz il öncə Dünya Halal Konqresində iştirak etmişdim. Üç gün ərzində dünyanın müxtəlif ölkələrindən o cümlədən Amerikadan gələn din alimləri, professorlar qidalara qarışdırılan inqridentlərin, stabilizatorların, qoxuvericilərin, dadvericilərdə halallığın necə müəyyən edilməsi barədə ortaq qərara gələ bilmədilər. Qida ilə bağlı bu məsələni tənzimləmək mümkün olmadığı halda dərman vasitələrində necə təyin ediləcəyi, Azərbaycanda laboratoriyaların, mütəxəssislərin, uyğun şəraitlə bağlı məsələlərdə düşündürən suallardandır. Ölkədə adi şprisi belə araşdıra bilmirlər. Güman edirəm ki, belə standart qəbul olunsa, Azərbaycana hardansa halal adı altında dərmanlar gətiriləcək. İnamı olan insanlar onu qəbul etməyə və almağa məcbur olacaqlar. Düşünürəm ki, bu, hansısa mənasız biznesin inkişafı üçündür və cəmiyyətin tələbinə uyğun olmayan məsələdir. Əgər Azərbaycanda dərman istehsalı biznesi olsaydı, o halda belə dərman vasitələrinin istehsalına başlanmasının tərəfdarı olardım”.

Standartla bağlı səhiyyə naziri Teymur Musayev bildirib ki, dərman vasitələri haqqında" qanunun tədbiqi ilə bağlı halal dərman vasitələrinə dair xüsusi qaydalar hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub:

"Hər kəsi səbirli olmağa çağırıram, çünki yeni qaydalar müasir tələblərə cavab verir. Nəticədə ölkəyə yüksək keyfiyyətli dərmanların gətirilməsi asanlaşacaq".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR