Ölkədə manata inam nə dərəcədədir? - Ekspertdən AÇIQLAMA

Mərkəzi Bankın açıqladığı 2022-ci il iyunun 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin 58,8 faizi milli, 41,2 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 12,1 faiz artıb.

Metbuat.az xəbər verir ki, 2020-ci ilin mart ayında əmanətlərin 51,1 faizi xarici, 48,9 faizi isə milli valyutada qoyulmuşdu. 2018-ci ilin sentyabrına olan statistikaya əsasən isə əmanətlərin 63 faizi xarici, 37 faizi isə milli valyutada idi. Yəni zamanla milli valyutada olan əmanətlərin həcmi artır.

Banklarda manatla əmanətlərin həcminin artması ilə bağlı hazırkı statistikaya əsasən danışan iqtisadçı Murad Calalov Metbuat.az-a bildirdi ki, son vaxtlar avronun həddindən artıq dəyər itirməsi Azərbaycanda əhalinin əmanətlərini manatla yerləşdirməsinə təsir edir:

“Bu müddətdə banklar yaranmış vəziyyətdən istifadə edərək manatla əmanətlər üçün faiz artımına qərar verdilər. Nəticədə, əmanətçilər həm digər valyutada olan əmanətlərini manata keçirdilər, həm də əllərdə nağd şəkildə olan pulları da banklara etibar edib hesablarına yerləşdirdilər. Manat və ABŞ valyutasına digər valyutalara görə kifayət qədər dəyərini artırıb. Banklar da manatla əmanətlərə faizi daha çox verir. Manata etibarın artması depozitlərin artım payında da hiss olunur”.

Hazırda Avrozonada mövcud iqtisadi vəziyəti şərh edən ekspert onu da qeyd etdi ki, Rusiya-Ukrayna münaqişəsi nəticəsində inflyasiya müşahidə edilsə də, avronun dollar qarşısında dəyər itirməsi manata olan inamı gücləndirib

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı