Azərbaycan avarçəkəni İtaliyada gümüş medal qazandı

Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü Diana Dımçenko İtaliyanın Turin şəhərində təşkil olunan ənənəvi “Silver Skiff” beynəlxalq reqatasında mübarizə aparıb.

Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasından (AKAF) Metbuat.az-a verilən məlumata görə, 32-ci dəfə təşkil olunan yarışda 30-a yaxın ölkədən müxtəlif yaş kateqoriyaları üzrə 700-dən artıq idmançı iştirak edib.

Bir mərhələdən ibarət olan reqatada avarçəkənlər 11 kilometr məsafə qət ediblər. Bir nəfərlik akademik avarçəkmə qayığında çıxış edən Diana Dımçenko məsafəni 44 dəqiqə 54 saniyəyə başa vurmaqla finiş xəttinə ikinci çatıb və gümüş medala sahib olub.

Qeyd edək ki, 1992-ci ildən etibarən təşkil olunan “Silver Skiff” reqatası akademik avarçəkmənin ən nüfuzlu yarışlarından hesab edilir. Diana Dımçenko ötənilki yarışda da gümüş medal qazanmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı