Azərbaycanda vergi ödəyicilərinin sayı 7%-dən çox artıb

Bu il noyabrın 1-nə Azərbaycanda 1 499 032 vergi ödəyicisi olub ki, bu da ötən il noyabrın 1-nə nisbətən 7,3 % çoxdur.

Metbuat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, vergi ödəyicilərinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 7 %, şirkətlərin sayı isə 9 % artıb.

Hesabat tarixinə dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı isə 173 754 təşkil edib. Son 1 ildə kommersiya qurumlarının sayında 9,7 %, aktiv kommersiya qurumlarının sayında isə 13,1 % artım qeydə alınıb.

Noyabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,6 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,3 %-i səhmdar cəmiyyəti (SC), 1,1 %-i kooperativ və s. formalarda yaradılıb. Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 34 148 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 % artım deməkdir.

2023-cü ilin 10 ayında 13 247 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,7 %-i yerli, 12,3 %-i isə xarici investisiyalıdır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 84,4 %-i elektron qaydada qeydə alınıb. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 97,2 % təşkil edib. 2023-cü ilin 10 ayında yeni qeydiyyat üsulu (fin kod+mobil nömrə) ilə 1 831 yerli investisiyalı MMC qeydiyyata alınıb.

2023-cü ilin yanvar-oktyabr aylarında fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 %, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 15,1 % artıb.

Noyabrın 1-nə 22 188 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib. Son 1 ildə onların aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 12,5 % artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı