Bakıdakı universitetlər Qarabağa köçürülə bilərmi? - Ekspertlər TƏHLİL ETDİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 28-də imzaladığı Sərəncama əsasən, Xankəndidə Qarabağ Universiteti yaradılacaq.

Qarabağ regionunda ali təhsil ocaqları tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub. Daha sonra 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərən institut işğaldan sonra fəaliyyətini dayandırıb.

Bir müddət öncə təhsil müəssisələrinin 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərə köçürülməsi təklif olunurdu. Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam verildikdən sonra bu məsələ yenidən gündəmə çevrildi.

Bu barədə Metbuat.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirdi ki, bəzi universitetlərin Qarabağa köçürülməsi məsələsinə baxıla bilər:

"Erməni mülki əhali ilə problemimiz yoxdur, hədəf terrorçulardır" -

“Bizə daha çox Bakıda fəaliyyət göstərən universitetlərin köçürülməsi məsələsi lazımdır. Bakıdakı əksər universitetlər təhsil üçün uyğun vəziyyətdə deyillər. Böyük əksəriyyətinin nə kampusu, nə yataqxanası var. Çoxunun hansısa formada idman infrastrukturu da nəzərdə tutulmayıb. Nəzər yetirikdə görürsən ki, bina və otaqlardan ibarətdir və hər hansı bir sosiallaşma imkanı yoxdur. Bu baxımdan da bölgələrə universitetlərin yenidən qurulması prosesində infrastrukturu nəzərə almaq daha rahat olacaqdır”.

Qarabağ və digər bölgələrdə universitetlərin köçürülməsi məsələsinin reallaşacağı təqdirdə təhsil almaq imkanlarının daha da genişlənəcəyini vurğulayan deputat qeyd etdi ki, həmin ali təhsil ocaqlarında əməkhaqqı da yüksək ola bilər:

“Orada müəllimlər üçün lojmanlar tikiləcək, yaşayış yerləri və s digər şərait qurulacaq ki, insanlar rahatlıqla burada gedib işləyə bilsinlər. Bunlar hamısı nəzərə alınsa, Bakı yüngülləşər, universitetlərin yükü azalar, bölgələrin inkişafına da xüsusi dəstəyi ortaya qoya bilər”.

Təhsil eksperti Elçin Əfəndi mövzunu davam etdirərək vurğuladı ki, o bütün universitetlərin və yaxud bir neçə universitetin Qarabağa köçürülməsinin tərəfdarı deyil. Ekspert bu fikrini qüvvətləndirərək bildirdi ki, yalnız müəyyən universitetləri Ağdam və Füzuliyə köçürmək olar:

Yaş 2 olsa da, fəaliyyətiniz beşlikdir" - Elçin Əfəndi

“Bir neçə universiteti Qarabağa köçürməklə həmin regionun sosial, iqtisadi eyni zamanda turizmin inkişafına dəstək vermiş olarıq. Bildiyiniz kimi, dövlət başçısının sərəncamı ilə Qarabağ universiteti yaradıldı. Hesab edirəm ki, 2024-2025-ci illərdən həmin universitetə qəbul keçiriləcək. Universitet artıq publik hüquqi şəxs statusuna malikdir. Əvvəlki kimi Pedaqoji Universitetinin və yaxud da başqa bir universitetin filialı deyil, müstəqil fəaliyyət göstərəcək.

Təkcə paytaxtda kifayət qədər dövlət və özəl təhsil müəssisələri mövcuddur. Amma yaxşı olardı ki, ölkəmizdə regionun inkişafına müsbət təsir göstərəcək yeni bir tibb universitetinin fəaliyyətinə şərait yaradılsın. Ölkəmizdə tibb ixtisası üzrə kadrların hazırlığını əsasən Azərbaycan Tibb Universiteti həyata keçirir. Bundan başqa Naxçıvan Dövlət Universiteti paralel olaraq Seçenov adına Moskva Dövlət Universitetinin Bakı filialı da bu sahədə müəyyən tibb ixtisasları üzrə kadr hazırlayır. Düşünürəm ki, Qarabağda tibb ixtisası üzrə təhsil belə bir universitet yaradıla bilər”.

Qarabağda universitetlərin fəaliyyətinin eyni zamanda ümumi rəqabətə müsbət təsir edəcəyini ifadə edən ekspert qeyd etdi ki, bu orada təhsil alan tələbələrin düşüncə tərzi, dünyagörüşünü püxtələşdirəcəkdir:

“Hesab edirəm ki, bu universitetlərin yaradılması həmin regionda yaşayan əhalinin məsafə baxımından da o təhsil ocaqlarını seçməsinə səbəb olacaq. Həmin universitetlərə güclü kadırlar - müəllim, professor heyəti cəlb edilməlidir. Əgər universitetləri bitirən tələbələr üçün təminat yaxşılaşdırılarsa onlar orada işlə təmin edilib perspektivli gələcək vəd edən şərait qura bilərlər”.

Elçin Əfəndi deyir ki, nəyinki universitetləri, kolleclərin bəzilərini də Qarabağa köçürmək olar. Bu sahədə müvafiq addımların atılmasının regionun inkişafına stimul verəcəyini düşünən eksper hesab edir ki, nəticədə bölgədə peşə təhsilinə maraq da artacaq".

Gülbəniz Hüseynli / Metbuat. az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı