Yanvarda quru sərhədlər açıla bilərmi? - Komitədən açıqlama

Azərbaycanın quru sərhədlərinin açılması məsələsi yenidən gündəmə gəlib.

Bir çoxları pandemiya dövründən qapalı saxlanılan sərhədlərin 2024-cü ilin yanvar ayında yenidən açılacağını iddia edir.

Qeyd edək ki, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti gələn il yanvarın 2-dək uzadılmışdı.

Metbuat.az “Ölkə.Az”a istinadən xəbər verir ki, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, sərhədlərin açılması daima gündəmdə olan bir mövzudur, çünki buna tələbat var:

“Sərhədlərin açılması həm iqtisadiyyatın dirçəlməsi, həm turizm potensialının artması deməkdir. Tarixi zəfərimizdən sonra Azərbaycana gəlmək istəyən çoxsaylı qonaqlarımız var”.

Lakin millət vəkili bununla bağlı qərarın verilməsi üçün kifayət qədər əsasların olmadığını qeyd edir: “Hazırda sağlamlıqla bağlı yeni təhdidlər yaranıb və yeni sindrom başlayıb. Bunların hər biri müvafiq komissiya tərəfindən diqqətlə analiz olunur. Əminəm ki, şərtlər uyğun olduğu təqdirdə açılma ilə bağlı qərar qəbul ediləcək”.

Komitə üzvü sərhədlərin açılmasına ehtiyac olduğunu da vurğulayıb. “Bütövlükdə sərhədlərin açılmasına böyük tələbat var. Azərbaycanda böyük qış turizm obyektləri var, onlara gələcək turistlərin bir qisminə quru sərhədlərlə keçmək daha uyğundur. Yəqin ki, ən optimal qərarı doğru vaxtda hökumət qəbul edəcək”, - deyə H. Babaoğlu əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı