Ukrayna prezidentinin həyat yoldaşı, ölkənin birinci xanımı Yelena Zelenskaya Rusiya ilə Ukraynanın barışıq edə biləcəyi ehtimallarından danışıb.
Metbuat.az-ın məlumatına görə, birinci xanım yapon jurnalistin Rusiya Federasiyası ilə sülh danışıqlarını mümkün edəcək şərtlərlə bağlı verilən sualını olduqca siyasi adlandırıb.
“Çox maraqlı sual verirsiniz. Əlbəttə, cavab verəcəyim bir şey var, amma düzünü desəm, sual birinci xanım üçün çox siyasidir. Düşünürəm ki, prezident bu suala cavab verməlidir. Mən belə bir məsuliyyəti öz üzərimə götürə bilmirəm, çünki belə bir mandatım yoxdur. Başa düşürəm ki, mənim bu mövzuda hər hansı sözüm prezidentin sözləri kimi qəbul olunacaq, çünki mən ona yaxın adamam”, - deyə Zelenskaya bildirib.
O əlavə edib ki, Ukrayna prezidenti bu barədə çox danışır.
“Mən əminəm ki, bir gün Rusiya ilə sülh danışıqları baş tutacaq. Təbii ki, onların tez bir zamanda olmasını istəyirəm, çünki dediyiniz kimi, hər gün qurbanlarımız olur. Bu gün əsas vəzifəmiz sülhün olması üçün qan tökülməsini dayandırmaqdır. Ümid edirəm ki, belə danışıqlar üçün şərait ən qısa zamanda yaradılacaq. Sizin sualınıza verəcəyəm tək cavab budur”, - deyə Zelenskaya yekunlaşdırıb.