Azərbaycanda süni intellektin perspektivləri: "Daima inkişafda olmağa borcluyuq"

İnsanı tam əvəz edə bilməsə də, onun bir çox funksiyasını mənimsəyən süni intellekt gələcəyin texnologiyası sayılır. Bu yeni nəsil texnologiya Azərbaycanda bir çox sahədə tətbiq edilir.

Süni intellektin tətbiq mexanizmlərini inkişaf etdirmək üçün atılan addımlardan biri də yeni dövlət standartının qəbul edilməsi oldu.

Mövzu ilə bağlı Metbuat.az İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev ilə müsahibə aparıb.

Həmin məqaləni təqdim edirik:

Bəhruz bəy, Azərbaycanda süni intellektin tətbiq edildiyi sahələr hansılardır?

Azərbaycanda süni intellekt bəzi sahələrdə istifadə olunur, bəzi sahələrdə isə istifadə olunacağı və inkişaf edəcəyi gözlənilir. Özəl və dövlət sahələrində gün keçdikcə süni intellektdən istifadə çoxalır. Hazırda süni intellektdən məlumatların analiz edilməsi, biznes planları üçün tövsiyyələrin hazırlanması, hərbi texnoloji sahələrdə, səsdən mətnə-mətndən səsə çevrilməsi , üz tanıma sistemlərində, böyük datalardan neyron şəbəkə, maşın öyrənmə metodlarından da istifadə etməklə araşdırılması, tapşırıq üzrə qərarların qəbul edilməsi və nəticələrin əldə olunmasında istifadə olunur.

Artıq 4 dekabr 2023 tarixində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq standart əsasında AZS ISO/IEC 22989:2023 “İnformasiya texnologiyaları — Süni intellekt — Süni intellektə dair anlayışlar və terminologiya” yeni dövlət standartı qəbul edilib.

Bildiyiniz kimi bu standart “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Azərbaycanda süni intellekt kənd təsərrüfatında dronların tətbiqində, elektron hökumət portalında "ASAN Login" üzərindən üz tanıma və sistemə giriş imkanı mövcuddur. Neft-qaz təşkilatlarında süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələr həyata keçirilir. Gömrük məntəqələrində xüsusi komputerlər və kameralar vasitəsilə məhsulların skan olunması və onların detalları ilə bağlı araşdırma aparılması istiqamətində işlər aparıla bilər.

Bu barədə elektron mediada kifayət qədər məlumatlar vardır. Çağrı mərkəzlərində də süni intellektdən istifadə barədə işlər gedir. Xüsusi proqramlar vasitəsi ilə bəzi suallara süni intellektin cavab verməsi mümkündür. Bu barədə elektron mediada kifayət qədər məlumatlar vardır. Hesab edirəm ki, hər bir dövlət və özəl qurum bu sahədə apardığı işləri cəmiyyətə bildirməyə maraqlı olarsa bu digər qurumların da süni intellektə təşviqi üçün addım sayılardı.

Süni intellekt insan əməyinin tətbiq edildiyi sahələri nə qədər məhdudlaşdırmağa başlayıb?

Ümumiyyətlə süni intellekt, avtomatlaşma və innovativ texnologiyaların inkişafı iş yerlərinin azalmasına yox, transformasiyasına gətirib çıxarır. Bu məsələlər hamısı bir-birinin tamamlayır. Burada əsas məqsəd işlərin avtomatlaşdırılmasıdır. Hal-hazırda müzakirələrə səbəb olan məsələlərdən biri də texnologiyanın inkişafının iş yerlərlərini məhv etməsi və işsizliyə səbəb olması fikridir.

Məsələnin aydınlaşdırmaq üçün, World Economic Forum (Dünya İqtisadi Formu) tərəfindən açıqlanan bəzi məlumatları göstərmək və o məlumatlara əsaslanmaq mümkündür.


2020-2025-ci illər arasındakı avtomatlaşma ilə bağlı proqnozun ifadə etdiyinə görə, 2020-ci ildə ümumi işin 33%-i maşın gücü hesabına, 67%-i isə insan əməyi hesabına həyata keçirilirdisə, 2025-ci ildə bu dəyər dəyişərək, maşın gücü ilə 47%, insan əməyi hesabına isə 53% olacaq.

Dünya İqtisadi Forumunun “İş sahələrinin gələcəyi” hesabatına əsasən, texnologiyanın mənimsənilməsi artdıqca, işçilərin 50%-nin 2025-ci ilə qədər yenidən ixtisaslaşmasına ehtiyacı olacaq. Eyni zamanda "İş sahələrinin gələcəyi" sorğusunun respondentləri hesab edir ki, işçilərin təxminən 40%-dən altı ay və ya daha az müddətdə yenidən ixtisaslaşma tələb ediləcək.

Texnologiyaların və innovasiyaların inkişafı zamanı bəzi işlərə tələbat artacaq, bəzi işlərə isə tələbat azalacaqdır. Data analitikləri və elm adamları, süni intellekt və maşın öyrənmə mütəxəssisləri, böyük həcmli məlumat (Big Data) mütəxəssisləri, rəqəmsal marketing və strategiya mütəxəssisləri, proseslərin avtomatikləşdirilməsi mütəxəssisləri, biznesin inkişafı üzrə mütəxəssisləri, rəqəmsal transformasiya mütəxəssisləri və s sahələr üzrə 97 milyon insanı yeni iş tələbatı gözləyir.


Əksinə, məlumat daxil edən operatorlar, inzibati və məsul katibliklər, mühasib və auditorlar, montaj və fabrik işçiləri, mexaniklər və maşın təmirçiləri kimi peşələrə tələbat azalacaq, təqribən 85 milyon insan iş yerindən uzaqlaşmalı olacaq.

Yəni, avtomatlaşma, texnoloji inkişaf və innovasiyalar iş yerlərini azaltmır, əksinə daha çox işçi tələb edir. Yaxın gələcəkdə bu inkişaf 97 milyon yeni işçi tələb etdiyi halda sadəcə 85 milyon insanın iş yerinə tələbat azalacaqdır. Bu 85 milyon insanın işsiz qalması kimi qəbul edilməməlidir. Bu zamanla yuxarıda da qeyd olunduğu kimi, insanların bir qismi yeni texnologiyalar ilə bağlı ixtisasını artıraraq, 97 milyonla birlikdə yeni iş çağırışına qoşulacaq.

Texnoloji inkişaf nəticəsində insanlar bir çox üstünlük qazanır. İnsanın əzələ gücünə tələbat zaman keçdikcə azalır. İşlər daha səliqəli və standart hala gətirilir, subyektiv yanaşmalar azalır və standart əsaslı işlər çoxalır. Səmərəli texnoloji imkanların üstünlüklərindən hər zaman yararlanmaq və daimi inkişafda olmaq fərd olaraq hər birimizin hədəfində olmalı və daimi öyrənməyi və inkişafı özümüzə mənəvi borc bilməliyik. Başqa yol yəqin ki, mövcud deyil.

Süni intellektin tətbiq mexanizmləri nə qədər inkişaf etdirilə bilər və ölkəmiz üçün hansı perspektivləri vəd edir?

Süni intellektin inkişafi ilə bağlı xüsusi bir limit qeyd etmək çətindir. Biz sadəcə inkişafı məhdudlaşdıra bilərik.1-2 noyabrda keçirilən ilk “AI Safety Summit 2023 - Sİ Təhlükəsizlik Sammiti” 2023 süni intellektin təhlükəsizliyi və tənzimlənməsini müzakirə edən beynəlxalq tədbirlərdən sayılırdı.

Bu, süni intellektə dair ilk qlobal sammit idi və təkrarlanan tədbirə çevrilməsi planlaşdırılır. Hər bir sahədə süni intellekti tətbiq etmək imkanı var. Süni intellekt insanın edəcəyi işləri daha qısa vaxtda daha optimal etmək imkanına sahibdir. Cinayət-axtarış məsələlərində və bir çox tədqiqat və təhqiqat işlərində geniş tətbiq oluna bilər. Məsələn üz tanıma sistemlərində, bədən hərəkətlərinin tanınmasında, səs və yazının tanınmasında istifadə oluna bilər və olunacağı qaçılmazdır. Hətta bəzi ölkələrdə bu sahədə ciddi inkişaf edir. Hal-hazırda internet axtarış sistemlərindən tutmuş, əlimizdəki smatfonlar və İT avadanlıqlara qədər süni intellekt geniş istifadə edilir və daha da genişlənəcəkdir. Hərbi texnoloji sahələrdə geniş istifadə olunur və daha da genişlənir. Ağıllı ev texnologiyaları gün keçdikcə inkişaf edir və süni intellektin imkanlarındn faydalanaraq daha dəqiq xidmətlər həyat keçirilir. Fizika, Kimya, Biologiya, Astronomiya və s. sahələrdə tətbiqinə başlanılıb və daha da genişlənir. Tibb sahəsində, əməliyyatlarda, genetika sahəsində süni intellektin imkanları əvəzedilməzdir. Komputer və proqramlama sahəsində kodlaşdırmanı daha qısa müddətdə həll etmək, səhvlərin tapılması və aradan qaldırıması üçün, istifadə olunur və qısa zaman sərf etməklə məsələləri həll etmək mümkündür. Amma təhlükələr, kontrolun əldə çıxması, Sİ imkanlardan istifadə edərək, hücumlar təşkil etmək, müdaxilə etmək, mediada yalan məlumatların çoxalması da mümkündür. Dövlət bu sahədə də elə süni intellektin imkanları ilə mübarizə aparmağı planlaşdırdığını görmək mümkündür.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 28 avqust 2023 tarixində “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” təsdiq edildi. Sənədin 2.1.8. bəndində süni intellekt mühəndisliyi, idarəetmə üzrə qərarvermədə, riskləri, insidentləri müəyyənetmədə, o cümlədən funksionallıqda anomaliyaları və konfiqurasiyada sanksiyasız dəyişiklikləri dərhal aşkaretmədə, qabaqlayıcı (preventiv) və bərpaedici (korrektiv) əks-tədbirləri hazırlamaqda süni intellekt, rəqəmsal etimad (“digital trust”) texnologiyaları ilə məsələlər göstərilmişdir.

Strategiyanın 4.1.2. bəndində informasiya təcavüzünə və həqiqətlərin təhrif edilməsinə, milli dəyərlərin pozulmasına aid təhdidlərin qarşısını ala bilən müasir texnologiyaların (o cümlədən süni intellektə əsaslanan texnologiyaların) işlənib hazırlanması üçün fəaliyyətin gücləndirilməsi ilə bağlı məsələlər öz əksini tapmışdır. Gələcəkdə dövlətin bu sahədə lazımı tədbirlərin görülməsinin planlaşdırıldığını görmək mümkündür.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı