Praqada “Oğul” sənədli filmi təqdim olunub

Praqa şəhərinin mərkəzində yerləşən Slavyan Evinin “Cinema City” kinoteatrında Birinci Qarabağ müharibəsi dövründə Ağdamın Xramort kəndindəki kilsədə ermənilərə qarşı təkbaşına vuruşan Natiq Qasımovun döyüş yolundan bəhs edən “Oğul” sənədli filmi nümayiş etdirilib.

Bu barədə Metbuat.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Filmin nümayişi Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Çexiyada fəaliyyət göstərən “Natəvan” cəmiyyətinin və “Elson Grand” təşkilatının, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatorları Leyla Begim Cəfərova və Fərid Əmirəliyevin təşkilatçılığı ilə baş tutub.

Filmin təqdimatında Çex Respublikasının dövlət qurumlarının, Azərbaycanın, Böyük Britaniyanın Çexiyadakı səfirliyinin əməkdaşları, yerli ictimaiyyətin, azərbaycan, türk, macar, qazax, türkmən, ukrayna, rus, italyan icmalarının nümayəndələri iştirak ediblər.

Azərbaycanlı igidin qəhrəmanlığı və faciəli taleyi tamaşaçılara duyğulu anlar yaşadıb.

Xatırladaq ki, “Oğul” sənədli filmi Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalıdır. Film Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, “LİBRAFF” Kitab Mağazalar Şəbəkəsinin və TEAS Press Nəşriyyat Evinin təşkilati dəstəyi ilə ərsəyə gəlib. Azərbaycan və ingilis dillərində hazırlanmış film ABŞ festivallarında nümayiş etdirilib.

Filmdə erməni əsirliyində olan Natiq Qasımovun ermənilərin səhra komandiri Vitali Balasanyanın iştirakı ilə dindirilməsinə dair faktlar yer alır. Şahidlərin məlumatına görə, erməni hərbçi Vitali Balasanyan əsirlikdə olan Natiq Qasımovu işgəncə ilə qətlə yetirib. Riyakar erməni xislətini bir daha aşkara çıxaran filmdə həm də müharibələrin insanların taleyində oynadığı dəhşətli roldan, ailələrin öz əzizlərinin itkisindən və naməlum taleyindən çəkdikləri iztirablardan bəhs edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı