Dollara tələb artır, bəs manatı nə gözləyir? - AÇIQLAMA

“Dollara tələbin artması daha çox mövsümi faktorlar ilə bağlıdır. Adətən dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir”.

Metbuat.az-ın məlumatına görə, bu fikirləri iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib.

Son 2 günün hərraclarında 140 milyon dollara satıldığını xatırladan Vüqar Bayramov qeyd etdi ki, Mərkəzin Bankın dekabrın ilk yarısında təşkil etdiyi son 4 hərracda 279,9 milyon dollarlıq sifariş yaranıb.

“Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır. Bununla yanaşı, Mərkəzi Bank tərəfindən dollara tələbin artacağı ayların öncədən proqnozlaşdırılması, kommunikasiyanın gücləndirilməsi və hərracların mütəmadiliyinin tənzimlənməsi vacibdir. Mart, avqust və dekabr aylarında dollara mövsümi səbəblərdən tələb yüksəlir. Hərracların keçirilməsi mütəmadiliyi ilə bu tələbin daha çevik tənzimlənməsi mümkündür” .

Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə millət vəkili vurğuladı ki, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib:

“Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı