MEDİA-nın təşkilatçılığı ilə “Media Savadlılığı” konfransı keçirilib - FOTO

20 dekabr 2023-cü il tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Media Savadlılığı” həftəsi çərçivəsində 500 gəncin iştirakı ilə “Media Savadlılığı” konfransı keçirilib.

Metbuat.az xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov informasiya axınının sürətlə artdığı müasir dövrdə cəmiyyətdə informasiyanın etibarlılığını müəyyən etmək üçün düzgün bacarıqların inkişaf etdirilməsinin həm milli media məkanının inkişafı, həm də ölkə üzrə uzunmüddətli sosial-mədəni inkişafın təşviqi üçün başlıca amillərdən biri olduğunu vurğulayıb. O bildirib ki, müşahidə ediən informasiya bolluğu, cəmiyyətin məlumatın obyektiv tərəfini müəyyənləşdirməkdə çətinliklərlə qarşılaşması, media savadlı istehlakçıların yetişdirilməsinə zərurət yaratmaqla yanaşı, medianın öz peşəkar funksiyasını effektiv yerinə yetirməsi istiqamətində ardıcıl addımların atılmasını tələb edir.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev dünya əhalisinin böyük bir hissəsinin media savadlılığı ilə bağlı fundamental bilik və bacarıqlara malik olmadığını, onlayn mühitdə təhlükəsiz şəkildə naviqasiya qabiliyyətinin məhdud olması səbəbindən belə əhali qruplarının, xüsusilə gənclərin mediada yer alan müxtəlif məlumatların mənfi təsirlərinə məruz qalma riskinin kifayət qədər yüksək olduğunu, bu istiqamətdə ardıcıl tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb..

Sonra Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Ləman İsgəndərova “Media Savadlılığı” platformasının - “medialiteracy.media.gov.az”ın təqdimatını edib.

Daha sonra Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) İnsan Resursları və Təhsil İdarəsi Rəhbərliyinin müavini Feyza Gizligider “İzlədiklərinizin İzi Qalar” mövzusunda çıxış edib.

Konfrans çərçivəsində “Rəqəmsal dövrdə gənclər və media savadlılığı” mövzusunda panel sessiyası keçirilib. Panel sessiyasına moderatorluq edən Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova bildirib ki, Agentliyin fəaliyyət istiqamətində həm də Media Savadlılığının təhsildə tətbiqi məsələləri öz əksini tapmışdır. O, sosial media istifadəçisi olan gəncin saxta xəbərlərin təsirinə düşməməli və istənilən kontentə tənqidi yanaşma sərgiləməli olduğunun, faktı və vizual materialları yoxlayan proqramlardan da məlumatlı olmasının önəmindən danışıb.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov öz çıxışında dezinformasiyanın sürətlə yayılmasının birbaşa gənclər üçün təhlükə mənbəyi hesab edilə biləcəyini qeyd edib, bu halın onların inkişafına, maariflənməsinə, təhlükəsizliyinə təsiri və onun aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Daha sonra Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqədər və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev çıxışında rəqəmsal dövrdə media savadlılığının tədrisdə tətbiqinin aktuallığından, nazirliyin media savadlılığı istiqamətində gördüyü işlər, onun ayrıca fənn olaraq orta məktəb proqramına salınması və ümumiyyətlə, bu sahədə perspektiv layihələr haqqında danışıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bölmə rəisi Murad Babayev isə kiberhücum, kibertəhlükəsizlik terminləri, ümumiyyətlə gənclərin sosial media alətlərindən istifadəsi məsələlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edək ki, media savadlılığının artırılması istiqamətində tədbirlərin məqsədi məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasını, ölkə üzrə media savadlılığı göstəricilərinin yüksək səviyyəyə çatdırılmasını, eləcə də sağlam media mühitinin inkişafını və cəmiyyətdə məlumat təhlükəsizliyini təmin etməkdir. Konfransın sonunda “Media Savadlılığı” mövzusunda keçirilən onlayn sorğuda qalib olanlar mükafatlandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı