Milli Məclis “Arbitraj haqqında” yeni qanunu qəbul etdi

Milli Məclis “Arbitraj haqqında” yeni qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Metbuat.az xəbər verir ki, parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan layihə 8 fəsildən və 59 maddədən ibarətdir.

Sənəddə əsas anlayışlar, qanunun tətbiq dairəsi, arbitraj təşkilatlarının təşkili formaları və prinsipləri, arbitrajda baxılan işlər, arbitraj sazişi, arbitraj icraatı və digər məsələlər əksini tapıb.

Layihəyə əsasən, daxili arbitraj icraatına münasibətdə arbitrə dair tələblər müəyyənləşir. İşin nəticəsində maraqlı olmayan, tərəflərdən asılı olmayan və arbitr funksiyasını yerinə yetirmək üçün razılıq verən, 25 yaşı tamam olmuş, ali təhsilli və ixtisası üzrə azı 3 il iş stajına malik olan fiziki şəxslər arbitr ola bilərlər.

Mübahisəni təkbaşına həll edən arbitr yuxarıda qeyd edilən tələblərlə yanaşı, ali hüquq təhsilinə malik olmalıdır. Mübahisənin kollegial qaydada həll edilməsi halında tərəflər arasında digər razılıq olmadıqda, arbitraj məhkəməsi tərkibinin sədri ali hüquq təhsilli olmalıdır.

Arbitraj sazişi və ya daimi arbitraj təşkilatının qaydaları ilə arbitr üçün əlavə tələblər müəyyən edilə bilər.

Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, dövlət qulluqçuları, hərbi qulluqçular, bələdiyyə üzvləri və qulluqçular, publik hüquqi şəxslərin işçiləri, Azərbaycan Respublikasının hakimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il (arbitraj icraatının başlandığı tarixədək) ərzində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), dövlət qulluğu olmayan digər dövlət orqanlarında əmək münasibətlərinə, vəkillik və notariat fəaliyyətinə xitam verilmiş, habelə Mediasiya Şurası üzvlüyündən çıxarılmış şəxslər arbitr ola bilməzlər.

Qeyd olunub ki, qanunun 13.2-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, kommersiya mübahisələri, habelə tərəflərin mübahisənin predmeti barədə sərəncam hüququna malik olduğu və üçüncü şəxslərin hüquqlarına, qanuni mənafelərinə toxunmayan bütün mübahisələr arbitrajda həll edilə biləcək.

Bundan başqa, cinayət və inzibati xətalarla bağlı işlər, inzibati və digər publik hüquq münasibətlərindən irəli gələn işlər, ailə münasibətlərindən irəli gələn mübahisələr, şəxsin hüquqi vəziyyəti (statusu) ilə bağlı işlər, əmək mübahisələri, ətraf mühitin mühafizəsi sahəsində mübahisələr, vərəsəlik işləri, əqli mülkiyyət hüquqlarının müəyyən edilməsi və bu hüquqların qeydiyyatı ilə bağlı mübahisələr, rəqabət hüququ və istehlakçıların hüquqlarının müdafiəsi, habelə istehlak kreditləri ilə əlaqədar yaranan mübahisələr, Azərbaycan ərazisində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları ilə bağlı yaranan mübahisələr, müflisləşmə və iflasa dair işlər, hüquqi şəxsin ləğvi, yaxud onun qərarlarının ləğvi ilə bağlı dair işlər (hüquqi şəxsin Azərbaycanda hüquqi ünvanı (olduğu yer) olduqda), fiziki şəxslərin tərəf olduğu mübahisələr (bu mübahisələr fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadıqda), yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər, Azərbaycan ərazisində yerləşən daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı mübahisələr arbitrajda həll edilə bilməyəcək.

Müzakirələrdən sonra yeni qanun layihəsi III oxunuşda qəbul edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı