"Azəriqaz"dan limitlərlə bağlı mühüm açıqlama: 31 dekabrda...

“Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə - saat 00:00-dan Azərbaycanda smart-kart tipli qaz sayğaclarının avtomatik yenilənməsi həyata keçiriləcək”.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.

Onun sözlərinə görə, dekabrın 31-də saat 00:00-dan sonra sayğaclara ödəniş olursa, abonentlər 12 qəpiklik tariflə, yəni 1 200 kubmetr limitinə əsasən qaz alacaqlar.

E.Vəliyev deyib ki, mexaniki, yəni sonradan ödəniş edilən sayğaclar isə yanvarın 5-6-da yeniləcək:

“Bu da bəzi hallarda abonentlərin evdə olmaması, bayram günlərində qonaq getməsi və sairə istisnalarla bağlı ola bilir. Bu səbəbdən də yenilənmə bu tarixə qədər çəkə bilir. Lakin abonentlərin narahatlığına əsas yoxdur. Çünki hər bir abonentin 365 gün müddəti qorunur. Yəni əgər bu il yanvarın 5-də abonentin mexaniki sayğacının yenilənməsinə təsadüf edibsə, deməli, növbəti 365 gün, növbəti ilin yanvarın 5-nə qədər abonent həmin limitlə “mavi yanacaq”dan istifadə edə biləcək”.

“Azəriqaz” rəsmisinin sözlərinə görə, bəzi abonentlər düşünürlər ki, onun sayğacı üzərində bütün rəqəmlərin hamısı sıfırlanmalıdır:

“Bu belə deyil. Bu prosesin adı sıfırlanma deyil, yenilənmədir. Hətta bəzi smart-kart tipli sayğacların istifadəçisi olan abonentlər düşünürlər ki, “Azəriqaz”ın əməkdaşları həmin dövrdə onun ünvanına gedib sayğaca baxış keçirmirlər. Burada ünvana da getməyə ehtiyac yoxdur. Çünki dekabrın 31-də smart-kart tipli sayğaclar avtomatik olaraq saat 00:00-da yeniləcək. Bu proseslər avtomatik icra olunur”.

“Azəriqaz” rəsmisi mexaniki tipli sayğac istifadə edən abonentlərə müraciət edərək xahiş edib ki, bayram günlərində “Azəriqaz” əməkdaşlarına sayğacların yenilənməsini həyata keçirmək üçün şərait yaratsınlar, onların normal işləmə şəraitini təmin etsinlər ki, proses vaxtında başa çatsın.

Qurum rəsmisi qaz istifadəsi limitini keçən abonentlərin hesablarında qalan qazın aqibətinə də aydınlıq gətirib:

“Misal üçün, 20 və yaxud 25 qəpikdən bir kubmetr qaz alan smart-kart tipli sayğaclar üçün abonent qaz alıbsa, artıq o həcmdə pulu kartına yükləyibsə, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə onun sayğacı yenilənməyəcək. Yəni qazın istifadə dəyərinin 12 qəpiyə düşməsi onlara aid deyil. Yəni abonentlər dekabrın 31-nə qədər qazı hansı tariflə alıblarsa, həmin tariflə də qazdan istifadə edəcəklər. Abonent aldığı qazın istifadəsi bitdikdən sonra yeni aldığı təbii qazı yeni tariflə, yəni 12 qəpiklə istifadə edəcək".

Qurum bir daha abonentləri əmin edib ki, bayram günlərində qazın verilişində heç bir problem olmayacaq. “Azəriqaz” İstehsalat Birliyi bu bayram günlərinə də digər bayram və xüsusi günlərdə olduğu kimi, çox mükəmməl şəkildə hazırlaşıb, davamlı və təhlükəsiz təbii qazın abonentlərə çatdırılması xidmətini göstərə biləcək.

2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrə qədər və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı