Latviya Prezidenti Azərbaycanın dövlət başçısına məktub ünvanlayıb

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Metbuat.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza sülh və firavanlıq arzulayıram.

Latviya-Azərbaycan dostluq münasibətləri 100 ildən artıq tarixə malikdir, Azərbaycanda çoxsaylı latviyalı yaşamışdır. Biznes sahəsində tərəfdaşlıq sayəsində ölkələrimiz arasında daha sıx əlaqələr qurulmuş, həmçinin gözəl Bakıdan ilhamlanaraq ədəbi, musiqi və incəsənət şedevrləri yaradılmışdır.

Qarşılıqlı maraq doğuran sahələrdə dialoqumuz və strateji tərəfdaşlığımız dərinləşir. Əminəm ki, birgə səylərimiz Latviya ilə Azərbaycan arasında dinamik mübadiləni daha da inkişaf etdirəcəkdir.

Fürsətdən istifadə edərək, Latviyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha ifadə edirəm. Müstəqillik və ərazi bütövlüyü beynəlxalq nizama əsaslanan qaydaların təməl daşlarıdır və ölkələr arasında dinc yanaşı yaşamanın, dialoqun qorunub saxlanılması çox vacibdir. Dinc, sabit və firavan Cənubi Qafqaz bizim ortaq marağımızdır.

İcazə verin, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirmək əzmində olduğumu ifadə edim. Bu baxımdan mən Sizin 2024-cü ildə Latviyaya səfər etməyinizi səbirsizliklə gözləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı