İçərisində mal-qara olan tövlə qəsdən yandırıldı - FOTO

Yanvar ayının 13-də Göyçay rayonunun Qarabağlar kəndi ərazisində kənd sakininə məxsus tövlənin, çardaq hissəsindəki ot bağlamalarının və içərisində olan 12 baş iribuynuzlu mal-qaranın yanaraq tələf olması barədə polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı yanğının qəsdən törədildiyi və vətəndaşa ümumilikdə 58 min manata yaxın maddi ziyan dəydiyi müəyyən edilib.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, 1992-ci il təvəllüdlü Seymur Piriyev saxlanılıb. O, əməlini etiraf edib və əvvəllər şəxsi münasibətlər zəminində zərərçəkmişlə aralarında yaranmış narazılığa görə ona məxsus tövləni qəsdən yandırdığını bildirib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ilə cinayət işi başlanıb, S.Piriyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin də qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə mağazadan oğurluq etməkdə şübhəli bilinən Elçin İsgəndərov və Rövşən Zamanov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, əvvəllər həmin mağazada işləyən Elçin İsgəndərov tanışı Rövşən Zamanov ilə birlikdə son 2 ay ərzində bir neçə dəfə həmin obyektə daxil olaraq oradan ümumi dəyəri 9 min manatdan artıq olan tütün məmulatları və digər əşyaları oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı